Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Allahyar Abışov vəfat edib.

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) Mətbuat katibi Kənan Məstəliyev Unikal.org-a açıqlamasında idmançının ölüm səbəbi ilə bağlı məlumat əldə etmədiklərini bildirib.

O, Abışovun dünyasını dəyişməsi xəbərinə üzüldüklərini söyləyib: "Allahyar yaxşı idmançı olub. Bu xəbəri eşitmək çox üzücü oldu. Amma niyə və nədən vəfat etməsi barədə məlumatımız yoxdur, Bunu araşdırmağı, səbəblərini öyrənməyi heç doğru da saymamışıq. Bunun üçün müvafiq orqanlar var. Bu, onların işidir, lazım gəlsə, edəcəklər. Biz isə milli komandanın sabiq üzvünü itirdik. Əsas məqam budur. Allahyar Abışovun xatirəsini yad edir, Allahdan ona rəhmət diləyirik".

 

***

12:01

Azərbaycan millisinin üzvü olan ağırlıqqaldıran Allahyar Abışov vəfat edib.

Unikal.org Sportfm.az-a istinadən xəbər verir ki, 26 yaşında qəflətən dünyasını dəyişən idmançının bacısı Rəna Abışova ölkə çempionunun müəmmalı vəfatı ilə bağlı detalları açıqlayıb:

"Qardaşım gözəl idmançı idi, milli komandanın şərəfini qoruyurdu, nə oldusa pandemiya dövründə oldu. Bu müddət ərzində idmandan uzaq düşdü. Namaz qılan Allahyar son 4-5 ayda pis uşaqlara qoşulmuşdu, heç özümüz də bilmirdik nələr baş verir. Ona uğurlarına görə mənzil də verilmişdi. Bir müddət öncə eşitdik ki, həmin uşaqlarla “patı”ya qurşanıb, amma artıq gec idi. Qardaşım bu maddəni yüksək dozada qəbul etdiyi üçün ölüb, elə deyirlər. Xahiş edirəm, hər kəs bunu paylaşsın, başqa gənclər ölməsin, bizi bu bəladan qurtarın". 

Qeyd edək ki, 62 kiloqrama qədər ştanqçılar arasında Avropa çempionatının bürünc mükafatçısı olan yığmamızın üzvünün ölümünün səbəbinin aşkara çıxarılması üçün tibbi ekspertiza təyin edilib.