Fazil Mustafa: “Azərbaycandakı siyasətçilər özlərini aldatmaqla məşğuldurlar” - MÜSAHİBƏ
14:17 12-02-2013
CƏMİYYƏT
“Öz tarixini və gələcəyini erməni tarixi ilə müqayisə etmək üzərində qurmuş bir cəmiyyət həmişə psixoloji sarsıntı içində olmalıdır”
Son günlər ölkədə baş verən ədəbi, sosial və siyasi proseslərlə bağlı suallarımızı Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa cavablandırır.
-Fazil bəy, Əkrəm Əylislinin addımı cəmiyyətdə haqlı və haqsız yönlərdə geninə-boluna “təhlil” olunur. Amma mənim sualım bu əsərin yaranmasını şərtləndirən sosial-ədəbi proseslər barədə olacaq. Sizə elə gəlmir ki, bədii cəhətdən xeyli zəif olan (əsərin siyasi tərəflərinə toxunmayacağam) “Daş yuxular” əsəri bütövlükdə mənəvi-ədəbi-estetik şüurumuzda gedən aşınma prosesin nəticəsi kimi meydana çıxdı?
-Əlbəttə, ümumiyyətlə 60-70-ci illər nəslinin nümayəndələrinin, demək olar ki, hamısını bütövlükdə götürəndə, xüsusilə də yetmişinci illərdə yazarlar hesab edilən insanların böyük əksəriyyəti cəmiyyət üçün ədəbiyyat sahəsində ictimai dəyərə çevrilə bilmədi. Bunun da səbəbləri o idi ki, həmin yazıçılar uzaq hədəfləri nəzərdə tutan yürüşə hazır deyildilər. Bütövlükdə özünün xarakteri və gələcəyə baxış modeli ilə çox da sürpriz yarada biləcək və ictimai maraq doğura biləcək, yeni dövrü daha rahat və fundamental şəkildə “oxuya” biləcək hazırlığa sahib deyildilər. Və bunun nəticəsində də Əkrəm Əylislinin bu əsəri də, fikir verirsinizsə, gələcəyə baxış əsəri deyil, tarixə dönüş, geriyə dönüş əsəridir. Belə də demək olar, yanlış dönüş əsəridir. Ona görə də əsər Azərbaycan cəmiyyətində də, sadəcə, faktoloji baxımdan bir az narazılıq doğurur. Amma oxucuların və mütəxəssislərin əksəriyyəti bu əsərin bədii dəyəri üzərində çox da durmadı, çünki bu roman Əkrəm Əylislinin özünün təkrarından başqa bir şey deyil. Həm də daha zəif formada təkrarından başqa bir şey deyil.
-Bu günki özünü postmodernist adlandıranlar da bir çox mənalarda Anarın, Əkrəm Əylislinin, Elçinin “köynəyindən” çıxanlar deyilmi?
-Vurğuladığınız qələmin sahibləri Anardan, Əkrəm Əylislidən və Elçindən daha zəif yazarlardır. Onlar daha bərbad durumdadırlar. Çünki gənc yazarlar, ən azından, dil baxımından özlərini zənginləşdirə bilmədilər, öz üslublarını yarada bilmədilər. Bu iki sahə ortalıqda yoxdursa, orijinal ədəbiyyatdan söhbət gedə bilməz. Olsa-olsa, plagiatçılıqdan və ədəbi təsir nəticəsində yaranmış bədiivari nümunələrdən danışmaq mümkündür. Bu nəsil daha rahatlıqla özlərinə ad tapmaqdan o tərəfə keçə bilmədi. Cəmiyyətin onları necə adlandırmağı onları qətiyyən maraqlandırmadı. Hər kəs özünü istənilən cür adlandıra bilər, özünə kosmonavt da deyə bilər, amma bu o demək deyil ki, bu adamın kosmosa uçmağa qabiliyyəti çatır. Bu baxımdan da onların böyük əksəriyyəti zahirən nə qədər orijinal görünsə də, irəliləyə bilmədilər, cəmiyyətin yaddaşını qıcıqlandırmağı bacarmadılar. Ədəbiyyatda lazım olan fantaziyanı sərgiləyə bilmədilər, lazım olan bilgi bazasını mənimsəmək onların aləmində gərəksiz yük sayıldı. Onlar dərhal içlərində olan dəyərli və dəyərsiz hisslərin hamısını xərcləməyə başladılar. Amma gərək qazanasan ki, nəyisə xərcləyəsən. Qazanmadan xərcəlməyə başlayanda mütləq hansısa nöqtədə iflasa gətirib çıxartmalıdır. Məncə, hazırda özünü postmodernist adlandıran yazarların bir qismi bu xəstəliyə düçar olub.
-Estetikada belə bir müddəa var ki, bugünkü ədəbiyyat, incəsənət, onların irəli sürdüyü ideyalar, təsvir etdiyi reallıqlar və obrazlar nədirsə, bu ədəbiyyatın və incəsənətin mənsub olduğu cəmiyyət uzaqbaşı 40-50 ildən sonra həmin taleyi yaşayacaq. Yəni müasir incəsənət bir çox mənalarda xalqın gələcək taleyini, şüurunu müəyyənləşdirir, biçimləyir. Bu baxımdan, bugünkü Azərbaycan ədəbiyyatı və incəsənəti bu xalqa hansı gələcəyi, hansı taleyi hazırlayır?
-Biz artıq elə bir dövrə gəlib çatmışıq ki, indiki zamanda ədəbiyyat insanın ümumi dünyagörüşünün formalaşmasında çox da önəmli rol oynamır. Çünki texnoloji inkişafın sürəti bir bədii əsərin yaddaşda qalma effektini xeyli azaldıbdır. Və insanlar daha çox rahat təqlid oluna bilən şeylərə meyl eləməyə başlayıblar. Ona görə də bu əsərlərin ictimai psixologiyanın, millı düşüncənin və nəhayət, bir insan xarakterinin formalaşması baxımından hansısa təsiredici gücə sahib olması bir az müzakirə edilə biləcək məsələdir. Bu fikir çox da inandırıcı görünmür. Amma bütövlükdə hər halda yaxşı ədəbiyyatın ictimai şüura və milli taleyə təsir izləri olur. Çox təəssüf ki, Azərbaycan mühitində yaxşı ədəbiyyat nümunəsinə demək olar ki, rast gəlmirik. Çünki bu problemin, daha doğrusu, bu çatışmazlığın başqa tərəfləri də var. Təhsillə bağlı tərəflər var, cəmiyyətdə mülkiyyət azadlığı, insanların daxili azadlığı ilə bağlı problemlər müşahidə olunur. Ona görə də bu amillərin hamısı bir yerə yığışanda ortalığa yaxşı ədəbiyyat çıxartmaq mümkün olmur.
-Hər halda mənimlə razılaşarsınız ki, Əkrəm Əylislinin romanından cəmiyyətə axıdılan çirkabla telekanallarda tez-tez tirajlanan şit və dəyərsiz şou-biznes verilişlərindən axıdılan çirkabın arasında o qədər də ciddi fərq yoxdur. Yuxarıdakı sualı bu baxımdan qoymuşdum. Və yaxud bu gün Bakıda internet zallarına girəndə gənclərin ən çox açdığı saytlarımn şüurlara axıtdığı çirkabla əvvəlki iki çirkab arasında ciddi fərq yoxdur. Bu rakursdan yanaşanda bu cəmiyyət nəyə doğru gedir? Bayağı siyasi şouları da bu siyahıya əlavə edək...
-İndiki Azərbaycan cəmiyyətində ən böyük problem hüququn normal şəkildə bərqərar olması və normal şəkildə işləməsi ilə bağlı məsələlərdir. Bu problem bütün cəmiyətlərdə var, amma bunlar o cəmiyyətlərdə epizodik hadisələrdir. Bizdə isə leytmotiv tamamilə fərqlidir. Ona görə də özümüz öz həyatımızı korlamağa başlayırıq. Əsas məqsədlərdən, əsas dəyərlərdən yayınmağa başlayırıq. Onsuz da Azərbaycan Dağlıq Qarabağ şokundan və yaxud bu xəstəlikdən uzun illər ərzində çıxmağa hazır deyil. Öz tarixini və gələcəyini erməni tarixi ilə müqayisə etmək üzərində qurmuş bir cəmiyyət həmişə psixoloji sarsıntı içində olmalıdır. Amma üstəlik də müasir texnologiyanın gətirdiyi yeniliklərdən daha çox bayağılaşmağa xidmət edən vasitələri tapmaq, ondan nəsə əxz eləməyə çalışmaq cəmiyyətimizin yeni bir xəstəliyidir və Sizinlə bu baxımdan razıyam ki, bu problemlər cəmiyyətimizin şüurunda daha çox iz buraxacaq.
-Prezident seçkilərinə çox vaxt qalmayıb. Bu məhdud zaman içində bütövlükdə ölkənin siyasi ab-havası, siyasi tempi Sizi nə dərəcədə qane edir? Ölkə prezident seçkiləri havasını yaşaya bilirmi?
-Azərbaycanda siyasət qapalıdır. Ona görə də yaxın zamanlarda siyasin mühitdə bir canlanmanın olacağını gözləmək mümkün deyil. Sanki bütün siyasətçilər qapalı bir dövrə içində fırlanır və hesab edir ki, hərəkətdədir. Amma siyasi mühitdə heç bir hərəkət yoxdur və hamı bir nöqtədən başlayıb sonra yenə də həmin nöqtəyə qayıdır. Və eyni zamanda hesab edirlər ki, siyasi mübarizə üsullarını və texnologiyaları dəyişdirə bilirlər. Azərbaycandakı siyasətçilər özlərini aldatmaqla məşğuldurlar. Əslində, bu gün Azərbaycanda siyasi azadlıqlardan daha çox iqtisadi azadlıqların inkişaf etdirilməsinə ehtiyac var. Buna nail ola bilsək, vətəndaşlarımız müstəqilləşə biləcəklər. İqtisadi azadlıq yoxdursa, siyasi azadlıqlardan danışmaq mənasız bir işdir, məzmunsuz və içiboş bir imitasiyadır. İqtisadi cəhətdən müstəqil olan insan siyasətə gələndə daha bəsirətli və daha müstəqil düşünən olur. Ona görə də ölkədə bu ab-hava yoxdur və siyasi proseslərdə də bu nəbz vurmaları hiss olunmur. Amma bununla belə, güman edirəm ki, prezident seçkiləri yaxınlaşdıqca cəmiyyətin siyasi həyatında bir canlanma müşahidə olunmağa başlayacaq.
-Sizə elə gəlmir ki, Əkrəm Əylislinin səhvindən hərə bir cür istifadə eləyir?
-Məsələ burasındadır ki, bu prosesdən hamı yararlanmağa çalışır. Müəyyən mənada məhdudiyyətlər olduğuna görə hər kəs çalışır ki, harada bir qığılcım varsa, onu tonqala çevirsin. Hamı bundan öz xeyrinə istifadə etməyə cəhdlər göstərir. Bu, gözlənilən bir şey idi. Təkcə Əkrəm Əylisli məsələsi deyil. Binə bazarında və yaxud İsmayıllı rayonunda nəsə baş verirsə, hamı ondan siyasi divident əldə etməyə çalışır. Amma fikrimcə, əsas dəsti-xəttimizi unutmamalıyıq və ölkənin demokratikləşməsi yolundan uzaqlaşmaq olmaz. Əsas hədəfimiz bu olmalıdır ki, hüquqi dövlətə vıə mədəni bir ölkəyə çevrilək. Əks halda indi üzləşdiyimiz çətinliklərdən daha müşküllərinə rast gələcəyik.
-Demokratik Qüvələrin Məşvərət Məclisində təmsil edilən siyasi qurumlar bu gün (dünən-red.) Nümayəndələr Palatasının yaradılmasını elan edib. Bu yeni qurum prezident seçkilərinə hazırlaşan bu cəmiyyətin siyasi gündəminə nəsə əlaəvə etmək potensialı sərgiləyə biləcəkmi?
-Düşünmürəm. İstəyirsən adını Müəssislər Məclisi qoy, istəyirsən də Böyük Konqres qoy, mahiyyətcə heç nə dəyişilməyəcək. Orada təmsil edilən qurumlar bütövlükdə cəmiyyətə təsiredici gücə malik deyil. Çünki iqtisadi təminatı olmayan istənilən siyasi qurum məğlubiyyətə, iflic olmağa və yaxud dağılmağa məhkumdur. Belə bir qurum yeni model təklif etməyə qabil olmur. (“Unikal” qəzeti)
Digər Xəbərlər
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44