Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən “Yay Fest” festivalının iştirakçılarından olan Samir Abdullayevlə görüşüb. 

Unikal.org xəbər verir ki, Yeni Azərbaycan Partiyasının üzvü olan gənc fəal Samir Abdullayev xərçənglə mübarizə aparmasına rəğmən Azərbaycanda universitetə qəbul olan ilk tələbədir. 

Samir Abdullayev Azərbaycan Turizm və Menecment Universitetinin 2-ci kurs tələbəsidir. Samir hələ Ağdaş rayonunun Yuxarı Ləki kənd tam orta məktəbinin 10-cu sinifində oxuyarkən xərçəng xəstəliyindən əziyyət çəkməyə başlamış və 3 ilə yaxın dövr ərzində xəstəxanada qalaraq əməliyyat, kimyaterapiyalar alıb.  Müalicə müddətində Samir Abdullayevə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən dəstək göstərilib.  

Güclü iradəsi və çalışqanlığı sayəsində arzu etdiyi universitetin tələbələri sırasına daxil olan  Samir hazırda oxuduğu universitetin ən aktiv, fəal tələbələrindəndir və qrup koordinatorudur. 
Görüşün sonunda  uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkərək sağlam həyata qovuşan Samir Abdullayevə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı adından planşet hədiyyə edilib.