Nadir Qafarzadəyə kim erotik masaj edib?
11:56 13-02-2013
SİYASƏT
“Qadın məni elə erotik şəkildə masaj etdi ki lap utandım”
- Nadir bəy, ağır xəstəliyə düçar olmağınızla bağlı söz-söhbətlər dolaşır. Nə məsələdir bu? Nə olub?
- Xəstəlikdən danışmayın. Buramı tuturam oram başlayır, oramı tuturam buram başlayır ağrımağa. Məni göz yıxdı.
- Səhhətinizə niyə fikir vermirsiniz?
- Uşaqlıqdan səhhətimə fikir verən olmamışam. Bir tərəfdən el şənlikləri başlayır, digər tərəfdən də ailə-məişət problemləri. Bu işlərin hamısını təkbaşına həll edirəm. Köməkçim olsa da, çalışıram işlərimi özüm görüm. Ukraynanın Lvov şəhəri yaxınlığında kiçik şəhərcik var. Əhalisi 25 mindir. Hər il ora gedib mineral sular, vannalar qəbul edirəm. Tez-tez vitaminlər qəbul edirəm.
- Profilaktik tədbirlər görməyinizə baxmayaraq, səhhətinizdə dediyinizə görə ciddi problemlər olur. Nədir sizi narahat edən?
- Hərəkətdə olduğum üçün tez-tez tərləyirəm. Tez-tez depressiyaya düşürəm.
- Sualdan yayınmayın. Nədir sizi narahat edən?
- Bəzi saytlarda mətnlərin altından gic-gic şərhlər yazırlar.Əsəbləşirəm. Elə şərhlərdir ki, sanki ermənilər yazır. Elə bil bir-birimizə düşmənik.
- Keçən həftə Zamiq də düşmənçilik məsələsinə toxunmuşdu. Demişdi ki “biz bir-birimizə düşmənik”.
- O sözü Zamiq yox, birinci mən demişəm. Ermənilər yalan olub. Özümüz özümüzə düşmən kəsilmişik.
- Üstüörtülü danışmayın. Sözlü adama oxşayırsınız.
- İndi bizə ən yaxın olan Türkiyədir. Rusları qovduq ki “gedin, siz bizə düşmənsiniz. Ruslar millət olaraq pis millət deyil. 70 il ruslarla bir yerdə yaşamışıq. Sadəcə olaraq, dövlətlər arasında siyasi məsələlər var. Mən siyasətə toxunmuram. Kişilərimiz rus qadınları ilə yatıb dururdu. Qızlarımız isə bakirə qalırdı.
- Nadir bəy, belə anladım ki türklərə qarşı simpatiyanız yoxdur.
- Türklərə qarşı heç bir pis fikrim yoxdur. Onlarla da yaxınıq. Bir də görürsən ki, Türkiyədən bir müğənni bura gəlir. Görün bizimkilər onu necə təqdim edir. Türkiyənin ən sevilən sənətçisi Azərbaycana gəlir. İnan ki o müğənniləri Türkiyədə tanımırlar. Biz özümüz bir az da şişirdirik. Sonra da deyirlər ki, Nadir düşməndir, türkləri bəyənmir. Malı kim xarab edir, özününkü. Biz həmişə xarab mal olacağıq. Biz öz malımızı çürüdürük, keyfiyyətli mal təqdim edə bilmirik. Düşmən bizim öz içimizdədir.
- Siyasi şərhçilər kimi danışırsınız. Tarixlə maraqlanırsınız?
- Mən tarixi çox sevirəm. “History” kanalında tarixi şəxsiyyətlər, keçmiş sovet birliyində hakimiyyətdə nələrin baş verdiyi, bizə qaranlıq qalan məlumatlar orda açıqlanır.
- Bəs Azərbaycan tarixi ilə, tarixi şəxsiyyətləri ilə maraqlanmırsınız?
- Azərbaycan tarixi ilə də maraqlanıram. Tarixçilər tariximizi bir cür yazır. Çaş-baş qalıram bu deyən düzdür, yoxsa o deyən düzdür. Biz tariximizi də səhv salırıq. Bülənt Ersoy bizi “ köksüz millət” adlandırmışdı. Türkiyədə heç kəs Bülənt Ərsoya demədi ki, niyə bizim qardaşlarımıza bu sözü dedin? O bizi atası-anası bilinməyən millət kimi qələmə vermişdi. Demir köksüz millət, qoy olaq köksüz millət.
- Demək istəyirsiniz ki, hər şey sünidir?
- Əlbəttə. Biz erməniyə də qardaş demişik. Öz qadınlarımıza baxmırdıq, erməni qadınlarına brilliant alırdıq. Qadınlarımız sobanın qırağında kaşa bişirirdi, biz azəri kişiləri də erməni qadınlarını istirahət düşərgələrinə aparırdıq. Bu yaxınlarda Ukraynada bir masajist qadın məni elə erotik şəkildə masaj etdi ki, lap utandım. Bu tibbi masaj idi. Qadın gördü ki mən utanıram və dedi: “Qadınlarınız uşaq doğmaq üçün sizinlə yatağa girir. Evlənən gündən qadın kişi arasında erotik proseslər olmalıdır. Heyf, Azərbaycan kişilərindən. Biz sizin kişilərə istədiyiniz məhəbbəti verə bilirik”.
- Siz də o masajistin sözünü təsdiq edirsiniz?
- Bir tərəfdən hə. Qadınlarımız özlərinə baxmırlar, ətirdən, kosmetikadan istifadə etmirlər. Cins şalvarla, krosovka ilə küçədə gedirlər. Qaşına baxmasam, elə bilərəm kişinin yanında kişi gedir. İndi kişilər də qaşını alır. Son zamanlarda qadınlarımız soyunmaq üstündə bir-birilə bəhsə girib.
- Xatırladım ki, daha çox şou nümayəndələri soyunur.
- Yazıq şou nümayəndələrinin adı çıxıb. Şou nümayəndələri əxlaqsızdırsa, mən də əxlaqsız olmalıyam? Şou nümayəndələrindən yaxşı şeyi götürsünlər də. Qadınlarımızı geyindirmək lazımdır, onlara soyuq olacaq. Gələcəkdə gənc qızlarımız ana ola bilməyəcəklər. Bilmirəm, Azərbaycan qadınlarını nə korladı. Azərbaycan qadını ən əxlaqlı qadın idi. Mən sovet dövründə yaşamışam. Bakı şəhərində fahişə qadını barmaqla göstərirdilər. Onu ya daş-qalaq edirdilər, ya şəhərdən qovurdular, ya da lotular yığılıb həmin fahişəni güllələyirdilər.
- Nadir üçün əxlaq, əxlaq qaydaları nə deməkdir?
- Əxlaq mənim üçün geyimdən başlayır.
- Əxlaq qaydaları geyimlə ölçülmür axı.
- Onda lüt gəzək də.
- Qapalı geyinməkdən çox danışırsınız. Bəs sizin xanımınız necə geyinir? Geyimlərinə qadağa qoyursunuzmu?
- Qadağa qoymuram. Mənim də xanımım modern geyinir. Bu günlə ayaqlaşır. Bir var dizdən bir qarış yuxarı geyinmək, bir də var dizdən alt paltarına qədər açıq.
- Geyindirmək istədiyiniz, amma geyindirə bilmədiyiniz xanımlar ərə gedir.
- Dəhşətə gəlirəm. İndi ərə gedənlərin çoxu əxlaqsız qadınlardır. Pak, təmiz qızlarımız evdə qarıyıb qalır. Gəlinlər var ki, ər çörək pulu qazanmaq üçün işə gedir. Evdən çıxan kimi qadın zəng edir “gəl getdi.” Yazıq ər də deyir ki, evdə arvad qoymuşam. Xəbəri yoxdur ki, arvad papağını soxub yerə. Bu bədbəxtçilik deyilmi? Biz hara gedirik? Hər şeyi çərçivəyə salmaq lazımdır. Avropaya inteqrasiya budur? Biz keçmişimizə necə baxacağıq?
- Qadınlarımızı çadrada görmək istəyirsiniz?
- Mən demirəm ki, çadra örtək. Çadra lazım deyil. Müasir olmaq lazımdır, amma soyunmaqla yox. Qadının sinəsi görünməz. Qadının sinəsi əri üçün görünməlidir. Qadının baldırları görünməz. Qadının baldırları əri üçün görünməlidir. Bilmirəm, məclisə girəndə bunu kimə göstərirlər. Qadın məclisə girəndə qoy desinlər, necə də xanım-xatun qadındır. Deməsinlər, nə bomba qadındır!
- Həyatda ən böyük kədərinizi necə xatırlayırsınız?
- Kədərsiz insan olmur. Mənim də kədərli anlarım olub. Kimdəsə kilolarladır, məndə isə tonlarladır. 5qızdan sonra doğulmuşam. Arzulanan övlad olmuşam. Nəzir-niyazla dünyaya gəlmişəm. Atam heç vaxt mağazadan mənim üçün ayaqqabı, paltar almayıb. Mənim üçün ayaqqabını belə tikdirirdi. Atamı itirəndən sonra hər şey çətinləşdi. Atam ticarətlə məşğul idi.
- Atanız vəfat edəndən sonra niyə ticarətlə məşğul olmadınız?
- Bir neçə dəfə sınadım, məndə alınmadı. Mən ticarəti bacarmıram. 5 manat qazanaram, 1 milyon ziyana düşərəm. Şükürlər olsun, Allah mənə bu sənəti verib. Toydan çıxanda evə gedən kimi paltarımı sıxıram, inanmayacaqsınız, su tökülür. Mən buna görə xəstələnirəm. Bir də görürsən bir toyda bir neçə köynək dəyişirəm. Çox adam elə bilir, moda göstərirəm.
- Ailənin tək oğlusunuz?
- Məndən kiçik qardaşım da var. Uşaqlıq illərim başqa cür olub. Başqa uşaqlara bənzəməmişəm.
- Çox maraqlıdır. Nadiri başqa uşaqlardan fərqli edən nə idi?
- Maraqlıdır ki, məni ərköyün böyüdüblər. Çox dəcəl olmuşam. Buna görə tez-tez valideynlərim tərəfindən döyülürdüm.
- Atanız dünyasını dəyişəndə neçə yaşınız vardı?
- 10 yaşım vardı. Atamı itirəndə kədəri hiss etməmişəm. Yas mərasimində hamı ağlayırdı. Deyirdim, “niyə ağlayır bunlar?” Sovet dövrü uşaqlara kədəri hiss etdirmirdi. Hərbi xidmətdə də çox əziyyət çəkmişəm. Bu yaxınlarda yoldaşımla Yunanıstanın paytaxtı Afina şəhərində idik. Kübar bir qadınla söhbət edirdik. O deyəndə ki mən Ermənistanı, Gürcüstanı tanıyıram, Azərbaycanı yox. Bu məni çox yandırdı. Az qaldı qadının təpəsinə bir yumruq vurum. Niyə onları tanıyırlar, bizi yox. Belə xırda nüanslar mənim ən böyük kədərimdir. Türklərdə bir şeyi çox bəyənirəm. Onlar dillərinə,bayraqlarına hörmətlə yanaşırlar. Adi evin eyvanından bayraq sallanır. Bizim evlərimizin eyvanına baxın. Bayraq sallanırmı?
- Nadir ailədə də səhnədəki kimidir?
- Şou nümayəndəsi olsam da, ailədə ciddi atayam.
- Son günlər ölkə gündəmini xalq yazıçısı Əkrəm Əylislinin “Daş yuxular” romanı alt-üst etdi. Bir vətəndaş olaraq, Nadir Qafarzadənin bu məsələyə münasibəti necədir?
- Əkrəm Əylislinin əsərlərini sevə-sevə oxumuşam. O boyda xalq yazıçısı necə oldu belə bir səhv etdi. Hələ də anlaya bilmirəm.
- Ən böyük uğurlarınız hansılardır?
- Uğurlarım çox olub. Əvvəla zamanında gözəl ailə qurmuşam və nə yaxşı qurmuşam. Nə yaxşı övladlarım var. İndi subay olsaydım, heç vaxt ailə qurmazdım.
- Niyə?
- Tutaq ki evlənib evdə arvad qoyacaqdım. Mən işə gedən kimi o da kimisə çağıracaqdı. Mən o ərlərdən deyiləm.
- Belə başa düşdüm ki, ailəniz sizin ən böyük uğurunuzdur. Bəs sənətdə olan ən böyük uğurunuz hansıdır?
- Flora Kərimova ilə, Elmira Rəhimova ilə duet oxumuşam. Hansı müğənniyə bunlar nəsib olub? Xalq artisti Ramiz Quliyev “Oxu tar” əsərində böyük orkestrla məni müşayiət edib. Cahangir Cahangirovun, Səid Rüstəmovun, Rauf Hacıyevin əsərlərindən oxumuşam. Bunlar mənim yaradıcılığımda ən böyük uğurlarımdır. Uğursuz olsa da, Rusiya şou biznesinə ilk addım atanlardan olmuşam.
- Son vaxtlar kişi müğənnilərimiz Biləcəridən o tərəfə keçə bilmir. Qadın sənətçilərimizin səsi əcnəbi şou məkanlarından gəlir. Kişi sənətçilərimizə nə olub?
- Kişi müğənnilərimiz istedadsızdır bəyəm? Hər şeyin başında pul dayanır. indi istedad lazım deyil. Mənə istedadı olmayan bir xanım verin. Onun imicini dəyişirəm, bir il onun üzərində işləyirəm, kompyuterdə səsini yazdırıram.1 milyon avroya Azərbaycan, Rusiya, Türkiyə şou aləmində meqastar olmasa, adımı dəyişərəm.
- Həyat təzaddan ibarətdir. Uğur varsa, uğursuzluq da var. Ən böyük uğursuzluğunuz hansıdır?
- Şükür Allaha ailədə uğursuzluğum olmayıb. Elə mahnılarım olub ki, oxumuşam, amma tutuzdurmamışam. Ən böyük uğursuzluqlarım dostlarımla münasibətdə olub. Bugün barmaqla sayılası dostlarım var.
- Sənət dostlarınızdan sizə ən yaxın olanı kimdir?
- Əvvəllər İzzət Bağırovla dostluğumuz olub.
- Bəs sonra nə oldu?
- Həm də qonşu idik. Mənzilimi dəyişib o yerdən köçəndən sonra münasibətlərimiz yavaş-yavaş soyudu. Rəşad İlyasovla ailəvi dostuq. Bir də görürsən gecə Rəşad zəng edir: “Həyat yoldaşım plov bişirib, bizə gəlin”. Biz də gedirik. Bir də baxırıq səhər açılıb. Sənət dostlarım yoxdu, sənət yoldaşlarım var. Bu sənətdə dostluq olmur. Bu sənətdə bir-birinə qarşı düşmənçilik var.
- Ən böyük skandalınızı necə xatırlayırsınız?
- Ən böyük skandalım Faiq Ağayevlə olub. Mən heç kəsə pislik arzu etməmişəm, Faiq Ağayevə də həmçinin. Sadəcə bir tale idi, Faiq o taleyi yaşadı. Hər birimizin başına elə hadisə gələ bilər.
- Elə barışıq da o vaxt oldu.
- Həmin vaxt Faiq Ağayevə heç bir maddi yardım etməmişəm. Mənəvi dəstək olmuşam. Xəbəri eşidəndə birinci yanına getmədim. Bildim, məni içəri buraxmayacaqlar. Sözümün yerə düşəcəyindən əmin idim. Ona görə Faiqin anası Hacı xanımın yanında oldum. Qardaşlarına ürək-dirək verdim.
- Faiq Ağayev atasını itirəndə yas yerinə getmişdiniz?
- Atası rəhmətə gedəndə, mən ordaydım. Həyatda kiməsə düşmən ola bilmirəm. Çox sadəlövhəm.
- Faiq Ağayevlə neçə müddət küsülü qaldınız?
- Elə də çox olmadı. Hətta, bir dəfə barışdıq da. O vaxtlar Faiqin ünvanına sərt söyüşlər ünvanlamışdım. Söyüşlər birbaşa Faiqin anasına, doğmalarına gedib çıxırdı. Bu hərəkətimə görə Faiq Ağayevin anası Hacı xanımdan üzr istədim. Bəzi jurnalistlər yazmışdılar ki, Nadir Faiq Ağayevdən üzr istədi”. Mən Faiq Ağayevdən üzr istəməmişəm, Faiq Ağayevin anası Hacı xanımdan üzr istəmişəm. Azərbaycan anasından, Azərbaycan qadınından üzr istəmişəm.
- Bu savaşda özünüzü günahkar hesab edirsiniz?
- Özümü günahkar hesab edirəm də, etmirəm də. 50-50-yədir. Kiminləsə savaşanda valideynlərə dəymək olmaz. Amma mən dəydim. Bu hərəkətimə görə çox pis olmuşdum. Anladım ki, düz hərəkət etməmişəm.
Hələlik hesab heç-heçə davam edir. Zamiqdən sonra Nadir də vaxtında deyilən məkana gəldi. Göz dəyməsin.
Nadir otağa elə qaça-qaça girdi ki, dedim yəqin nəsə olub. “Bu nədir, stolun üstündə heç nə yoxdur. Mürəbbə, çərəz, meyvə gətirin”.
Əmr böyük yerdəndir. Əlahəzrət Nadirin sifarişləri 15 dəqiqəyə yerinə yetirildi. Bizim “Ulduz” şokoladlarımız Nadirin elə xoşuna gəldi ki, ikisini birnəfəsə yedi.
İki saata yaxın söhbət etdiyimiz müddətdə Nadirin tez-tez xəstələnməsinin sirrini tapdım. Elə aqressiya, emosiya ilə danışırdı ki, kənardan seyr edənlər dalaşdığımızı zənn edərdi. Hələ stolun üstünə vurduğu yumruq zərbələrini demirəm. Vay-vay-vay belə olmaz Nadir bəy, sonra da deyirsiniz ki, mən qalmaqaldan uzağam. Birnəfəsə danışmaq, birnəfəsə yemək birnəfəsə hərəkət etmək sizin sağlamlığınıza ziyandır. Səbirli olun, Nadir bəy.
Digər Xəbərlər
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 16:47:00
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53