Yüksək temperatur, yağıntıların azalması və Fars rejiminin yanlış tətbiqləri səbəbilə Orta Şərqin ən böyük gölü olan Urmiya gölü qurumaq üzrədir.
Unikal.org xəbər verir ki, mütəxəssislər bir neçə il sonra Orta Şərqin bir çox bölgələrində su qıtlığına görə yaşayışın minimuma enəcəyini bildirib.
Buna bariz nümunə kimi, son 20 ildə Urmiya gölünün necə dəyişməsi göstərilir.
İranda ən əhəmiyyətli turizm mərkəzlərindən olan gölün sahilləri otel və restoranlarla dolu idi. Turistlər göldəki adalar arasında təşkil edilən qayıq turları ilə bu gözəllikdən zövq alırdılar.
Əvvəllər insanlar gölün duzlu sularında çimir, şəfalı hesab etdiyi palçıqlarına girirdilər. İndi isə o, demək olar ki, tamamilə qurudulmuş bir duz səhrasıdır. 20 il əvvəl adalar arasında üzən gəmilər də duz içində qalıblar.
Urmiya gölü İranın Qərbi Azərbaycan vilayətində yerləşir. Qərbi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Nazirliyinin məlumatlarına görə, 90-cı illərdə 5400 kvadrat kilometr olan gölün sahəsi bu gün 2500 kvadrat kilometrdir. Belə davam edərsə, göl tamamilə quruyacaq və xəritələrdən silinəcək.
Ağarza Elçinoğlu