Qazaxıstanın Jambıl vilayətində hərbi hissədə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bununla bağlı Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat açıqlayıb.

***13:17

Xəbər verdiyimiz kimi, Qazaxıstanın Jambıl vilayətinin Taraz şəhər ərazisində yerləşən hərbi hissələrdən birinin anbarında yanğınla müşayiət olunan partlayış baş verib. 

Unikal.org xəbər verir ki,  ölkənin Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, partlayış nəticəsində həlak olanların sayı 9-a yüksəlib.

***09:47

Qazaxıstanın Jambıl vilayətinin Taraz şəhər ərazisində yerləşən hərbi hissələrdən birinin anbarında yanğınla müşayiət olunan partlayış baş verib. 

Unikal.org xəbər verir ki, hadisə nəticəsində Fövqəladə Hallar Departamentinin əməkdaşları və hərbçilər yaralanıb. 

Vilayət administrasiyanın məlumatına görə, yaralıların sayı 66 nəfərdir. Daha əvvəl Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Tvitter səhifəsində 30 nəfərin yaralandığını və faktla bağlı cinayət işi açıldığını yazmışdı.

"Yanğının nəticələrinin aradan qaldırılması üçün operativ qərargah işə başlayıb. Müdafiə və fövqəladə hallar nazirləri, eləcə də daxili işlər nazirinin müavini əraziyə yollanıb. Yaxınlıqdakı kəndlərin sakinlərinin təxliyyəsi barədə qərar qəbul edilib. Müvəqqəti olaraq dəmiryol əlaqəsi dayandırılıb", - deyə Tokayev paylaşımında bildirib. 

Bildirilib ki, anbarda baş verən yanğının nəticələrinin aradan qaldırılması zamanı 4 hərbçi ölüb. Bu barədə Qazaxıstanın müdafiə naziri Nurlan Yermekbaev açıqlama verib.

Ağarza Elçinoğlu