Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının siyasi qanadının rəhbəri Əbdül Qani Baradar ölkənin xarici işlər naziri təyin edilib.
Unikal.org xəbər verir ki, bu barədə “Khaama Press” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Yaqub (“Taliban”ın ilk lideri molla Ömərin oğlu) müdafiə naziri, Xəlifə Haqqani (“Taliban” liderlərindən olan Cəlaləddin Haqqaninin oğlu) isə daxili işlər naziri olacaq. Məlumata görə, hökumətin qurulması ilə bağlı məsləhətləşmələr başa çatıb və kabinetin tərkibi tezliklə açıqlanacaq.
Çərşənbə axşamı “News 18” telekanalı mənbələrə istinadən, “Taliban”ın hökuməti qismən İran modelinə görə təşkil etmək niyyətində olduğunu bildirib.
Eyni zamanda, telekanala görə, heç vaxt açıq çıxış etməyən və harada olduğu bilinməyən Hibatulla Axundzadə ali lider və Ali Şuranın rəhbəri ola bilər.
“Al Jazeera” kanalı isə "Taliban" nümayəndəsinə istinadən Əşrəf Qani administrasiyasında təmsil olunmuş şəxslərin yeni hökumətin tərkibində yer almayacağı barədə məlumat yayıb.