Liviyanın paytaxtı Tripolinin cənubunda şərq və qərb qüvvələrinə aid silahlı qruplaşmalar arasında bir il əvvəl elan edilmiş atəşkəs pozulub.

Unikal.org xəbər verir ki, Liviya paytaxtının Səlahəddin rayonunda orta və kiçik kalibrli silahlardan istifadə olunmaqla bir neçə saat davam edən atışmalar baş verib. İnsident nəticəsində həlak olanların və yaralıların sayı açıqlanmır.

Liviya Prezident Şurasının rəhbəri Məhəmməd Menfi ordunun baş qərargah rəisinə və baş prokurora silahlı qruplaşmaların atəşkəsi pozmasının araşdırılması barədə göstəriş verib.

Bu ilin dekabrında Liviyada keçiriləcək ümumxalq seçkiləri ərəfəsində ölkədə vəziyyətin gərginləşməsini istəyən qüvvələrin fəallaşdığı bildirilir. Ötən həftə keçirilmiş Liviyaya qonşu ölkələrin xarici işlər nazirlərinin konfransında da bununla bağlı narahatlıq ifadə edilib. Liviyanın xarici işlər naziri Nəcla Əl-Manquş bildirib ki, atəşkəsin və daxili sabitliyin pozulması seçkilərin təxirə salınmasına səbəb ola bilər.