Kubada iki yaşdan yuxarı uşaqlara koronavirus peyvəndi vurulacaq.
Unikal.org xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Qeyd edilir ki, bununla da Kuba 2 yaşdan yuxarı uşaqları vaksinasiyadan keçirən ilk ölkə olub.
Qeyd edək ki, Kuba Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) tərəfindən tanınmayan və yerli istehsal sayılan peyvəndlərdən istifadə edir.
Yerli mütəxəssislər yetkinlik yaşına çatmayanlarda "Abdala" və "Soberana" vaksinlərinin klinik sınaqlarını tamamladıqdan sonra, cümə günü 12 və daha yuxarı yaşda olan uşaqlar üçün vaksinasiya kampaniyasına başladılar. Sentyabrın 6-dan isə ölkədə 2 yaşdan 11 yaşa qədər olan uşaqların peyvəndlənməsinə start verilib.
Xatırladaq ki, ada dövləti 2020 -ci ilin mart ayından etibarən bağlanmış məktəbləri yenidən tam şəkildə açmağı hədəfləyir. Hökumət bundan əvvəl isə bütün uşaqları vaksinasiyadan keçirməyi hədəfləyir. Kubada yeni dərs ili bazar ertəsi günü başlayıb. Lakin ölkədə əksər evlərdə internetə çıxışı olmadığı üçün tədris televiziya proqramları vasitəsilə aparılır.
Hazırda dünyanın bir neçə ölkəsi 12 yaş və yuxarı uşaqlara peyvənd vurmağa başlayıb. Bəzi dövlətlər yaşı daha az olan uşaqlar arasında sınaqlar keçirir. Çin, Birləşmiş Ərəb Əmirlikləri və Venesuela kimi ölkələr körpələri peyvənd etməyi planlaşdırdıqlarını açıqlasalar da, Kuba qabağa düşərək bunu etdi.