Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" radikalçıları bildirib ki, ölkə ərazisində universitetlər cinsiyyətə görə ayrılacaq və yeni geyim qaydaları tətbiq ediləcək.
Unikal.org "BBC"yə istinadən xəbər verir ki, Ali təhsil naziri Abdul Baqi Haqqani qadınlara ancaq kişilərdən ayrı olmaq şərti ilə təhsil almaq icazəsinin veriləcəyini bildirib.
O, həmçinin şagirdlərə öyrədiləcək fənlərin yenidən nəzərdən keçiriləcəyini də nəzərə çatdırıb.
Qeyd edək ki, Əfqanıstanda "Taliban"ın 1996-2001-ci illərdəki hakimiyyəti dövründə qadın və qızlara məktəb, həmçinin universitetlərə getmək qadağan olunmuşdu.
Bu dəfə talibilər deyib ki, onlar qadınların təhsil almasına və ya işləməsinə qadağa qoymayacaqlar. Lakin avqustun 15-də ölkəyə nəzarəti ələ keçirəndən sonra səhiyyə sahəsində işləyənlərdən başqa bütün qadınlara təhlükəsizlik məsələləri düzələnədək işə çıxmamağı bildirib.
"Taliban" hakimiyyətindən öncə Əfqanıstanda qadın tələbələrin xüsusi geyim forması yox idi və onlar kişilərlə yanbayan təhsil ala bilirdilər.
Məlumata görə, yeni qaydalar qadınları təhsildən uzaqlaşdıracaq, çünki universitetlərin ayrı sinif yaratmağa vəsaitləri yoxdur.
Abdul Baqi Haqqani isə ölkədə kifayət qədər qadın müəllimin olduğunu, çatışmazlıq yaranarsa alternativlərin tapılacağını bildirib:
"Hər şey universitetin imkanlarından asılıdır. Kişi müəllimlər də pərdə arxasından dərs deyə və ya texnologiyadan istifadə edə bilərlər".
Ağarza Elçinoğlu