Rusiya "İskəndər-M" taktiki raket komplekslərinin ekipajları, "Zapad-2021" hərbi təlimləri çərçivəsində, Mulino sınaq poliqonundan 50 kilometr aralıdakı mövqedən atəş açan düşmən komandanlıq məntəqəsinə və digər kritik obyektlərə qrup raket zərbəsi endirib.
Unikal.org "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
"Qrup raket zərbəsi eyni vaxtda dörd" "İsgəndər-M " taktiki raket sistemini işə salıb. Zərbə həm qanadlı, həm də ballistik raketlərlə həyata keçirilib", - deyə nazirlikdən bildirilib.
"İskəndər-M" sistemi 50 metrdən 500 kilometrədək məsafədə 10 metrdən az səhv fərqi ilə hədəfləri vurmağa qadirdir. Onun tək bir döyüş başlığı 25.000 kvadrat metr sahənin məhv olmasına səbəb olur.
Qeyd edək ki, "Zapad-2021" təlimi 10-16 sentyabr tarixlərində həm Rusiya, həm də Belarusun poliqonlarında Ermənistan və bir neçə dövlətin iştirakı ilə davam edir.
Onu da deyək ki, Rusiya bu silahı qanunsuz şəkildə Ermənistana verib. Onlar sözügedən silahdan ikinci Qarabağ müharibəsində Şuşa şəhərini məhv etmək üçün istifadə etsə də, məqsədlərinə nail ola bilməyiblər. Xatırladaq ki, sözügedən silahın qanunsuz istifadəsi və digər dövlətə ötürülməsi ilə bağlı Azərbaycan tərəfinin Rusiyaya ünvanladığı suallar hələ də cavabsız qalıb.
Nəzərə çatdıraq ki, "İskəndər-M" raketinin Qarabağda istifadə edilmiş qalıqları Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.
Ağarza Elçinoğlu