Almaniyada qiymətlər fantastik sürətlə artır. Bildirilib ki, ölkədə qiymətlərin kəskin artması yalnız son vaxtlar müşahidə olunur.

Unikal.org xəbər verir ki, Almaniyada yanacaqdoldurma stansiyalarında qiymətlərin artması nəticəsində supermarketlərdə də oxşar vəziyyət yaranıb. İndi artıq rəsmi şəxslər də bu aşkar faktı etiraf etməyə məcburdurlar. 

Siyasətçilər inflyasiya barədə açıq danışırlar. Almaniya Statistika İdarəsinin məlumatına görə, sentyabr ayında inflyasiya göstərici 4,1 faizə çatıb. Bu isə 1993-cü ildən bəri ən yüksək səviyyə deməkdir, lakin bu dəfə qiymət artımı vətəndaşların qənaət edib topladıqları vəsaitlərlə kompensasiya edilmir. Bu gün bank hesabında və ya evdəki seyfdə saxlanan 100 avronun alıcılıq qüvvəsi təxminən 2020-ci ildəki 96 avronun alıcılıq qüvvətinə bərabərdir.

Gözlənildiyinə görə, tezliklə xammalın qiyməti kəskin artacaq. Enerji daşıyıcılarının qiyməti isə inanılmaz sürətlə artmaqdadır. Bundan əlavə, filizlər, metallar, plastik kütlə və ağac materialları da bahalaşıb. Enerji böhranı Bütün Avropa İttifaqını bürüyüb, qazın qiyməti qalxıb. Firmaların çoxu müflisləşmə həddindədir. Bu onunla izah edilir ki, pandemiya ilində hər şey bir növ səngimişdi, pandemiya başa çatandan sonra isə çoxları bunun əvəzini çıxmağa can atır.

Daşınmaz əmlak bazarında da qiymətlər artır. Deməli, icarə haqqı da artacaq. Qarşıdan gələn qışın avropalıların həyatında ən bahalı qış olacağı istisna edilmir. Milad bayramında bahalıq daha da artacaq. Ona görə almanların çoxu indidən hədiyyə almağa başlayıb.