Səhər yeməyinin faydalı olub-olmaması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəs görəsən, səhər yeməyi faydalıdır, yoxsa? 

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən qida eksperti Fərid Səfərov deyir ki, bu sualın cavabını bilmək üçün əvvəlcə səhər yeməyinin önəmini bilməliyik: "Səhər yeməyi insan orqanizmində enerji balansını qorumağa, gün ərzində əhval-ruhiyyənin yüksək olmasına kömək edir. İnsan yatanda onunla birlikdə orqanizmin maddələr mübadiləsi də "yuxuya gedir", yəni, əgər səhər yeməyi yeməsək metabolizm də oyanmır, bədənimiz daha az kalori yandırır, nahar zamanı daha artıq kalori qəbul etmiş oluruq. Nəticədə, artıq çəki və ardınca da xəstəliklər yaranmağa başlayır. Səhər yeməyinin bir neçə faydası var: 

- İnsanı gün ərzində enerji ilə təmin edir.
- Əhvalımızı yaxşılaşdırır.
- Səhər yeməyi yedikdə gün ərzində yemək istəyimiz az olacaq, aclıq hissimizi daha rahat idarə edə biləcəyik.
- Diqqəti və yaddaşı möhkəmləndirir.
- Artıq çəki almağımıza mane olur.
- Arıqlamağa kömək edir.
- Mədə-bağırsaq sistemində yarana biləcək xəstəlikləri önləyir.
- Düzgün və balanslı səhər yeməyi gün ərzində orqanizmimizi lazımlı qida maddələri ilə təmin edir".

Ekspert deyib ki, səhər yeməyindən əvvəl su içmək çox faydalıdır: "Qəhvə, tünd, şirin çay mədənin selikli qişasını qıcıqlandıra bilər. Təbii kərə yağı, yumurta, pendir yeyə bilərsiniz. Tərkibində bol lif, fol turşusu, vitaminlər, dəmir, kalsium, protein olan qidalar sağlam bir səhər yeməyi hesab olunur. Ona görə də, sağlam, gümrah, pozitiv olmaq istəyirsinizsə hər səhər iştahla və ləzzət alaraq səhər yeməyinizi yeyin və yeni bir günə başlayın".

Könül Oruc