Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili tərəfdarlarını mübarizəyə çağırıb.
Unikal.org xəbər verir ki, eks-prezident yazdığı məktubda tərəfdarlarına çağırış edərək onları zülmkar, qeyri-qanuni rejimə qarşı tədbirlər görməyə səsləyib.
"Biz hakimiyyətin bu addımına bütün bölgələrdə seçicilərin müdafiəsi, seçicilərin rüşvət və hakimiyyət tərəfindən qorxudulması faktlarının toplanması, seçki komissiyalarında və məhkəmələrdə mitinqlərin təşkili kimi aktiv hərəkətlərlə cavab verməliyik", - deyə Saakaşvili məktubunda bildirib.
Qeyd edək ki, 8 il sonra Gürcüstana qayıdan M.Saakaşvili oktyabrın 1-də bəs olunub. Həmin gündən etiraz əlaməti olaraq aclıq aksiyasına başlayan eks-prezident, artıq 11 gündür ki, yeməkdən imtina edir. Həkimlər onun səhhətində ciddi problemlər yarandığını bildirib.
Qeyd edək ki, oktyabrın 14-də Gürcüstanda sabiq prezidentin azadlığa buraxılması tələbilə kütləvi etiraz aksiyası planlaşdırılır.
Ağarza Elçinoğlu