Bu il Azərbaycanın müstəqilliyinin 30 yaşı tamam olur. Müstəqilliyimizin 30 illiyinə ən böyük hədiyyə isə sözsüz ki, elə 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızın yağı tapdağından azad olunmasıdır. İkinci Qarabağ müharibəsində qazandığımız qələbə xalqımızın azərbaycançılıq ideologiyasının ətrafında bir yumruq kimi birləşdiyinin bariz nümunəsidir. 44 günlük müharibədə xalqımız dövlət başçımızın təbirincə desək, dəmir yumruq kimi birləşə bildi. Bu həm də azərbaycançılıq ideologiyasının qələbəsi idi. Ölkəmizdə yaşayan azsaylı xalqların “Dəmir Yumruq” ətrafında sıx birləşərək torpaqlarımızın azadlığı uğrunda birgə mübarizəsi ideologiya olaraq bütün Azərbaycanın bir olduğunu sübut etdi.
Azərbaycançılıq milli dövlət ideologiyası kimi, Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir. Eyni zamanda, bu ideologiya xalqın yadellilərə və bizi istəməyənlərə qarşı qalxanıdır.
Prezident İlham Əliyev azərbaycançılıq məfkurəsini dövlətçiliyimizin ideoloji əsası kimi xarakterizə edərək bildirib: “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”.
Qeyd edək ki, hər bir ölkənin müstəqillik qazanması qədər onu ayaqda saxlayan və vətəndaşlarını vahid bayraq, dövlət altında birləşdirən bir ideoloji sütuna ehtiyac duyulur. Dünyada elan olunan bir çox dövlətlər belə bir sağlam ideologiyanın olmaması səbəbi ilə zamanın çarxında dönməyi bacarmayıb və öz müstəqilliyini itirib. Azərbaycanın isə bu sarıdan bəxti gətirib. Heç şübhəsiz ki, bir əsrdə iki dəfə müstəqillik qazanan bir dövlətin sağlam ideoloji əsasları olmadan onu qoruyub saxlamaq qeyri-mümkün olardı. Azərbaycançılıq ideologiyası da məhz bu baxımdan dövlətçiliyimizin dayağı oldu. Eyni zamanda, onun sağlam sütunlar üzərində bərqərar olmasının əsas zəminidir.
Elə odur ki, Müstəqillik günü Azərbaycan xalqı üçün ən əziz günlərdən, ən əziz bayramlardan biridir. Bu günlərdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında gündəliyə daxil edilən “Müstəqillik Günü haqqında” qanun layihəsi müzakirə edilib. Qanun layihəsinə əsasən, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olundu. Eyni zamanda Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram günü kimi qeyd ediləcək.
Tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl”Unikal” qəzetinə açıqlamasında bildirib ki, 28 mayın Müstəqillik günü, 18 oktyabrın isə Müstəqilliyin Bərpası Günü adlandırılması doğru qərardır: “Yəni biz 28 may 1918-ci ildə tarixdə ilk dəfə olaraq Azərbaycan adlı dövlətin müstəqilliyini elan etmişik, 18 oktyabr 1991-ci ildə isə onun müstəqilliyini bərpa etmişik. Məsələnin mahiyyəti budur. İndiyədək 28 May Respublika günü adlandırılırdı. Günün adının dəyişməsini respublika quruluşuna sayğısızlıq kimi qiymətləndirmələrlə razı deyiləm. Çünki biz əvvəlcə müstəqil dövlətimizi elan etmişik, elə həmin gün də idarəetmə quruluşu olaraq respublikanı seçmişik. Nahaq yerə demirik ki, qurucu babalarımız yoxdan bir dövlət yaradıblar. Məhz yoxdan bir dövlət yaratmağın nəticəsidir ki, 28 may həm Müstəqillik günüdür, həm də Respublika günü”.
Tarixçi alimin 18 oktyabr tarixinə münasibəti isə bir qədər fərqlidir: “18 oktyabr 1991-ci il tarixdə Azərbaycan Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib və bu Akt 29 dekabr 1991-ci ildə ümumxalq referendumu ilə təsdiq edilib. Bundan təxminən iki ay əvvəl - Azərbaycan Ali Sovetinin 30 Avqust 1991-ci ildə keçirilən növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannamə qəbul edilib. Necə olur ki, 28 May 1918-ci ildə qəbul edilən “İstiqlal Bəyannaməsi” ilə müstəqilliyimiz həmin gündən hesablanır, amma 30 avqust 1991-ci ildə qəbul edilən "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannamə isə müstəqilliyimizin bərpası sayılmır? Axı məntiqlə ikisi də bəyannamədir. Xatırlatmaq yerinə düşər ki, 30 avqust qardaş Türkiyədə Zəfər bayramı kimi qeyd olunur. Bu mənada 30 avqustun Azərbaycanda Müstəqilliyin Bərpası Günü adlandırılması “Bir millət, iki dövlət” fəlsəfəsinə də uyğun olardı. Bununla belə, 18 oktyabrı Azərbaycanın ən yeni tarixində çox mühüm günlərdən biri kimi qəbul edirəm”.
Cavid İsmayıl sonda onu da qeyd edib ki, həm Müstəqillik Gününün, həm də Müstəqilliyin Bərpası Gününün ölkədə qeyri-iş günü olması arzuolunandır və bununla bağlı Əmək Məcəlləsinə müvafiq dəyişiklik edilsə, yaxşı olardı.
Qeyd edək ki, indiyə qədər mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.
Gülayə Mecid
İstiqamət: Azərbaycançılıq ideyasının təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili - Azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyərdir;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi əsasında hazırlanıb.