Yaponiyanın İmperator Narhitonun qardaşı vəliəhd-şahzadə Akişinonun qızı Mako oktyabrın 26-da tələbə yoldaşı olmuş Key Kamura ilə rəsmi olaraq ailə həyatı qurub.
Unikal.org xəbər verir ki, mərasim paytaxtın Şibuya rayon bələdiyyəsinin binasında keçirilib. Yaponiya KİV-lərinin yaydığı məlumata görə, yeni evlənənlərin heç birinin iştirak etmədiyi nikah bağlama mərasimində lazım olan bütün sənədləri İmperator Saray Dəftərxanasının nümayəndəsi təqdim edib.
Şahzadə Makonun nikah bağlanmasından bir neçə gün əvvəl valideynlərini, həmçinin Fəxri İmperator Akihito və Fəxri İmperatriçə Miçikonu ziyarət etdiyi də bildirilir. Bu görüşlərin vidalaşma xarakteri daşıdığı və İmperator ailəsini tərk edən şahzadə Makonun bundan sonra adi vətəndaşa çevriləcəyi qeyd edilir. Bununla yanaşı, şahzadənin ailə qurması üçün dövlət tərəfindən ayrılan 150 milyon yen (təqribən 1,3 milyon dollar) vəsaitdən imtina etdiyi də bildirilir.
Yeni ailə quran gənclərin bir müddət Tokioda kirayələdikləri evdə yaşayacağı, sonradan Nyu-Yorka yola düşəcəkləri gözlənilir.