Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Unikal.org xəbər verir ki, məhkəmədə V.Səfərlinin mühasibi işləmiş Təhminə Yaqubova ifadə verib.
O, jurnalist olmadığı halda ona verilən mənzil barədə sualı cavablandırıb. Deyib ki, Vüqar Səfərli onun ailə vəziyyətini, yaxınlarını itirməsini nəzərə alaraq ona mənzil verib.
Daha sonra təqsirləndirilən Dünyamin İsmayılov dindirilib. O ifadəsində bildirib ki, 10 ilə yaxın Milli Təhlükəsizlik Nazirliyində Tikinti İdarəsində mülki işçi kimi çalışıb: “Daha sonra Nazirlər Kabineti tərəfindən nazirlikdə xadiməçilərdən başqa mülki işçilərin çalışmasına qadağa qoydular. Bir müddət işsiz qaldım. 2014-cü ildə KİVDF-də çalışmağa başladım. Fondun Tikintiyə Nəzarət şöbəsində işləyirdim. Mən işə gələndə artıq jurnalistlərin ikinci binasının yarısı tikilmişdi. Vəzifəm tikintiyə nəzarət etmək, görülən işlərlə bağlı sənədləri tərtib etmək idi. Bütün dövlət qurumları ilə yazışmaları həyata keçirmişən. Hər ayın axırında sənədləri toplayırdım, nə işlər görülüb onları qeydə alırdın, işlərin gedişatı ilə bağlı Vüqar Səfərliyə məruzə edirdim. Başımdan böyük Amerika kəşf etməmişəm. Heç bir yalan danışmamışam, heç kimlə əlbir olmamışam. Maaşdan başqa heç bir əlavə gəlir almamışam. Bəzən binalarda nöqsanlar olurdu. Mələsən, binada parket vurulması lahiyədə qeyd olunmuşdusa, lakin laminat vururdular. Bunlarla bağlı Vüqar Səfərliyə məlumat vermişəm. O da məsələdən xəbərinin olduğunu deyib”.
D. İsmayılovun ifadəsində ziddiyət olduğundan onun istintaqa verdiyi ifadə elan olunub: “Binanin tikintisi aparan şirkət əslində Əli Həsənova məxsus olub. Nadir Məmmədov formal olaraq orada direktor olub. 3-cü binanın tikintisi zamanı Nadir Məmmədov binanın direktorluğundan çıxarılıb, onun yerinə Əli Həsənovun qohumu Ədalət Vəliyev gəldi. Lakin o işi bacarmadığından yenidən Nadir Məmmədov şirkətə direktor təyin edildi. İkinci və üçüncü binanın tikintisi zamanı mən xeyli sayda nöqsanlar aşkarladım. Bunla bağlı rəhbərliyə məlumat verdim. Əli müəllim də 3-cü binanın tikilişi zamanı həftədə bir dəfə binaya gəlirdi. İşlərin gedişatı ilə maraqlanırdı. Mən o zaman nöqsanlarla bağlı Nadir Məmmədovdan Əli Həsənova şikayət etdim. O da Nadir Məmmədova öz tapşırıqlarını verdi. Binada istifadə olunacaq materiallar brend mallar qeyd olunsa da, "Kitayski" istehsalı mallarından istifadə olunmuşdu. Layihədə pəncərə altlıqları mərmərdən göstərilsə də, plastikdən vurulmuşdu. Divarların parça oboydan vurulması nəzərdə tutulsa da, kağız oboy istifadə olunmuşdu. Bunlarla bağlı etirazımı Vüqar Səfərliyə bildirmişdim. O da mənə binada görülən işlərin Əli Həsənovun nəzarət etdiyini, bu cür işlərə qarışmamağı tapşırmışdı".
D. İsmayılov istintaqda bu cür ifadə vermədiyini bildirib: "Mən istintaqda bir dəfə də olsun Əli müəllimin adını çəkməmişəm".
Proses noyabrın 4-də davam edəcək.