Gəncə ziyalıları adından şəhid ailələrinə müraciət ünvanlanıb.

Unikal.org həmin  müraciəti təqdim edir:

“Ötən ilin 27 sentyabr tarixində Azərbaycan Ordusunun əks hücum əməliyyatı ilə başlayan Vətən müharibəsi işğalçı dövlət üzərində qazanılan şanlı qələbə ilə yekunlaşdı. Azərbaycan 30 ilə yaxındır davam edən işğala son qoydu, öz ərazi bütövlüyünü bərpa etdi. Bu tarixi zəfər Vətənin igid övladlarının qanı, canı bahasına əldə edildi. 3 minə yaxın Vətən övladı şəhadətə yüksəldi, Vətən torpağına tapşırıldı. Gəncə şəhəri Vətən müharibəsi dövründə 120-dən artıq hərbi və mülki şəhid verdi.  Vətən torpağına can deyib, canını qurban edənlərin hər biri bizim üçün əzizdir. Onların tanıdılması, xatirələrinin yaşadılması da hər birimizin borcudur. 

Bu gün şəhərin müxtəlif ərazilərində Vətən müharibəsi şəhidlərinin şəkil və məlumatlarının yer aldığı posterlərə rast gəlirik. Şəhid yaxınları tərəfindən hazırlanan və Gəncənin müxtəlif hissələrində yerləşdirilən bu fotoşəkillər Vətən uğrunda canından keçən şəhidlərimizin tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bununla belə təəssüf hissi ilə qeyd edirik ki, bəzi yerlərdə neqativ hallara rast gəlinir. Belə ki, şəhərin bir sıra ərazilərində şəhidlərimizin şəkillərinin Gəncənin tarixini, mədəniyyətini, ədəbiyyatını və milli-mənəvi dəyərlərini özündə əks etdirən mozaika və barelyeflərin üzərinə vurulduğunu müşahidə edirik. Qeyd etmək yerinə düşər ki, Ulu öndər Heydər Əliyev Gəncə şəhərinə səfərlərinin birində demişdir: “Qaçqına da, köçkünə də, şəhid ailələrinə də diqqət və qayğı göstərilməlidir, şərait yaradılmalıdır. Amma şəhərin arxitekturasına, görünüşünə xətər yetirməmək şərti ilə”. 
Şəhid ailələri və yaxınlarından bu məsələdə həssaslıq nümayiş etdirmələrini, Gəncənin tarixi və mədəni abidələrinə xələl yetirməmələrini xahiş edirik. Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəs inin əbədiləşdirilməsi məqsədi ilə abidə kompleksi inşa edilir. Burada I Qarabağ savaşı və 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin, habelə Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində həlak olan mülki şəxslərin şəkilləri yer alacaq”.