Noyabrın 17-də Bakıda tanınmış fotoqraflar Roman İsmayılov, Əziz Kərimov və Ehtiram Jabinin İkinci Vətən müharibəsində lentə aldığı fotolardan ibarət jurnalın təqdimat mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan mərasimdə ictimaiyyət nümayəndələri, ziyalılar, jurnalistlər, hərbçilər, diplomatlar, din xadimləri iştirak ediblər.
Tədbirdə visiontv.az xəbər portalının baş redaktoru Şöhrət El-Dəniz bildirib ki, bu gün təqdim olunan jurnalda müəlliflər həyəcan, emosiya, sevgi və nifrəti öz çəkdiyi fotolarla çatdırıblar. Rəşadətli Ordumuzun əldə etdiyi şanlı Zəfərdə jurnalistlərimizin, həmçinin fotoqraflarımızın da böyük əməyi olub. Onlar 44 günlük Vətən müharibəsində ən ekstremal şəraitdə düşmən gülləsi ilə üzbəüz dayanaraq o anları fotolara əks etdirə biliblər. Bu sahədə onların əməyini yüksək qiymətləndiririk.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində müzəffər Ordumuz işğal altında olan torpaqlarımızı azad edərək bizə bu Qələbəni bəxş edib. Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin davamçısı Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin “Dəmir yumruğu”nun ətrafında Azərbaycan xalqı sıx birləşərək düşmənə qarşı böyük fəxarətlə vuruşub. “44 günlük Vətən müharibəsində jurnalistlərin də əməyi danılmaz olaraq qiymətləndirilir. Məhz jurnalistlərin düzgün və operativliyi nəticəsində cəmiyyətə dolğun və vaxtında informasiyalar çatdırıldı. Həmçinin fotoqrafların da cəbhədə çəkdiyi fotolar həm ölkəmizin, həm də xarici medianın gündəmində oldu. Bu gün təqdim edilən jurnal böyük əhəmiyyətə malikdir”, - deyə Ə.İsmayılov qeyd edib.
Sonra çıxış edən fotoqraflar müharibə ilə bağlı xatirələrini bölüşüblər. Onlar Azərbaycanın igid hərbçilərinin torpaqlarımızın düşmən tapdağından azad edilməsi naminə ölümə getməyə hazır olduqlarını, dinc sakinlərin isə Ermənistan silahlı qüvvələrinin ağır artilleriya atəşinə və raket hücumlarına baxmayaraq, ordumuzdan dayanmamağı və sona kimi getməyi xahiş etdiklərini söyləyiblər.
Tədbirin sonunda fotoqraflar Roman İsmayılov, Əziz Kərimov və Ehtiram Jabi visiontv.az xəbər portalı tərəfindən fəxri fərmanla təltif olunublar.