Belarus hökuməti miqrantları və qaçqınları Polşa ilə sərhədindən uzaqlaşdırıb.
"Unikal" xəbər verir ki, Belarus rəsmilərinin məlumatına görə, cari ilin yayından bəri minlərlə qaçqın və miqrant Belarus vasitəsilə Avropa ölkələrinə getməyə çalışıb.
Belarusun dövlət mediası bildirib ki, bir çox sığınacaq axtaran şəxs sərhəddəki müvəqqəti düşərgələrdən xüsusi anbara köçürülüb.
Polşa Sərhəd Mühafizəsinin sözçüsü də sözügedən məlumatı təsdiqləyib. O bildirib ki, Belarusun qərbindəki sərhəddə düşərgələri tamamilə boşdur:
"Hazırda bu düşərgələr boşdur, miqrantlar böyük ehtimalla Bruzgi sərhəd-keçid məntəqəsindən çox da uzaq olmayan nəqliyyat-logistika mərkəzinə aparılıb. Başqa belə düşərgələr yox idi... amma başqa yerlərdə sərhədi keçməyə çalışan qruplar var idi. Növbəti saatlarda nə olacağını görəcəyik".
Qeyd edək ki, Avropa ölkələri Belarusu qaçqın və köçkünlərdən istifadə edərək qəsdən böhran yaratmaqda ittiham edir. Minsk isə bu ittihamları rədd edib.
Ağarza Elçinoğlu