Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Hindistanın müdafiə naziri Rajnas Sinqh ilə görüşüb.
"Unikal" xəbər verir ki, görüş zamanı Şoyqu müdafiə sektorunun Rusiya-Hindistan əməkdaşlığının əsas sahələrindən biri olduğunu qeyd edib.
"Ölkələrimizin liderlərinin mütəmadi görüşləri, növbəti görüşləri bu gün baş tutacaq, çoxşaxəli ikitərəfli münasibətlərin xüsusilə imtiyazlı strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyinə əyani sübutdur. Uzun illərdir ki, biz bütün səviyyələrdə səmərəli təmasda olmuşuq. Müdafiə sektoru Rusiya-Hindistan əməkdaşlığının əsas sahələrindən biridir. Çətin epidemioloji vəziyyətə baxmayaraq, silahlı qüvvələrin baş qərargahları və bölmələrinin qarşılıqlı əlaqəsi güclənir, hərbi nümayəndə heyətlərinin mübadiləsi genişlənir. Hərbi təhsil sahəsində işlər davam etdirilir", - deyə nazir bildirib.
O, hərbi əməkdaşlıqda birgə əməliyyat və döyüş hazırlığı fəaliyyətinin xüsusi yer tutduğunu vurğulayıb.
Qeyd edək ki, Rusiya lideri Vladimir Putin müdafiə naziri Sergey Şoyqu və XİN rəhbəri Sergey Lavrovla Hindistanda rəsmi səfərdədir.
Ağarza Elçinoğlu