"Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, həbs edildikdən bir müddət sonra ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Unikal" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda şahid ifadələri dinlənilib. Şahid qismində ifadə verən Durhəsən Rzayev bildirib ki, onun adına şirkət açılaraq maliyyə köçürülüb, lakin özü məsələnin təfərrüatlarından xəbərsiz olub. Müxtəlif obyektlərdə fəhlə işlədiyini deyən D.Rzayev şahidin andını da oxuya bilməyib: "Oxuya bilməsəm də, Allaha and olsun, düz danışacam. Əgər yalan danışsam, Allah mənim bəlamı versin. Mən onun-bunun əlinin altında fəhlə işləyən adamam. Bir gün gecə evdə oturmuşdum. Tanışlardan biri dedi ki, işsizsənsə iş var. Mən də razı oldum. Sonra imza çəkmək üçün “Nərimanova” getdim. Adıma şirkət yaradılırmış. Şamaxı şəhərinə getdim, yazıblar ki, ip almışam, vallah bundan xəbərim yoxdur”.
Dövlət ittihamçısı bildirib ki, şahidin adına olan şirkətə 457 min manatdan artıq pul köçürülüb. Şahid bununla da razılaşmayaraq heç nədən xəbəri olmadığını deyib: "Vallah, mən nə ip görmüşəm, nə də başqa bir şey. Mən Sumqayıt yolunu belə tanımıram. İttihama yazılan adamlardan da heç kimi tanımıram”.
Prosesdə daha sonra "Azərxalça" ASC-də əvvəl anbardar, sonra satınalma şöbəsində işləmiş Emin Xəlilov ifadə verib. Şahid bildirib ki, 2020-ci ilə qədər qurumda anbardar olub, bunda sonra şirkətinin satınalma komissiyasında çalışıb: "Əvvəllər anbardar olmuşam. 2020-ci ildə maliyyə şöbəsində işə başladım. Orda sənəd işlərinə baxırdım. Tenderə gəlincə, bəzi hallarda keçirilirdi, bəzi hallarda yox”.
Məhkəmədə daha sonra Sumqayıtda yerləşən obyektdə və İsmayıllı rayonundakı Xalça emalı sexində işləmiş Afər Soltanov ifadə verib. Şahid bildirib ki, bütün aparılan işlərdə göstəriş sifarişçilər tərəfindən verilib, onlar da icra ediblər: "Mən Sumqayıtda tikilən obyektlərin birində nəzarətçi işləmişəm. Bunda sonra isə İsmayıllıya getdim. Mən aparılan işlərdə çatışmazlıq müşahidə etməmişəm. Bəzi şirkət rəhbərlərinin Vidadi Muradovdan götürülən pullardan kimlərəsə verməyini də eşitməmişəm".
Dövlət ittihamçısı şahidin ifadəsinə etiraz edərək ortada kifayət qədər böyük məbləğin yoxa çıxdığını deyib: "Bir yerdə yazmısız termometrlər quraşdırılıb, amma yoxdur. İşlədiyiniz şirkətlərin birindən 3 milyon 452 min manat, digərindən 400 mindən artıq pul yoxa çıxıb".
Proses dekabrın 17-də davam etdiriləcək.