Koronavirusun "omikron” ştamı indiyədək 89 ölkədə aşkar edilib.
"Unikal" xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, "omikron" ştamı artım və yayılma baxımından koronavirusun "delta" variantından xeyli üstündür. Qurumun məlumatına görə, 1,5-3 gün ərzində yoluxanların sayı iki dəfə artır.
Həmçinin "omikron" ştamı əhali arasında immunitetin yüksək olduğu ölkələrdə yayılır.
ÜST hesab edir ki, "omikron" koronavirusun icmadaxili ötürülməsinin olduğu ərazilərdə "delta" ştamını üstələyəcək.
"Omikron"la yoluxma zamanı xəstəliyin gedişatının şiddətinə gəlincə, bu baxımdan məlumatlar hələ də məhduddur. Bu məsələni, eləcə də vaksinlərin və immunitetin xəstəliyin şiddətinə təsirini aydınlaşdırmaq üçün daha çox məlumat lazımdır.