Mərkəzi Filippini və onun cənub əyalətlərini əhatə dairəsinə alan “Ray” qasırğası nəticəsində ölənlərin sayı artıb.
"Unikal" xəbər verir ki, təbii fəlakət zamanı ölənlərin sayı 381 nəfərə yüksəlib. Qasırğanın episentrində küləyin sürəti saatda 195 km-ə çatıb.
Yerli mətbuatın məlumatına görə, təbii fəlakət zamanı azı 513 nəfər xəsarət alıb, yaralılar xəstəxanalara yerləşdirilib. Hakimiyyət orqanları bildiriblər ki, daha 56 nəfər isə itkin düşənlər siyahısındadır.
Eyni zamanda təbii fəlakət qurbanların sayının artacağı istisna olunmur.
Qasırğa ümumilikdə təxminən 780 min nəfər əhalisi olan ərazilərə ziyan vurub. Dekabrın 16-da Honkonq Meteorologiya Rəsədxanası bu mövsüm 22-ci - “Ray” adı verilmiş qasırğanın Sakit Okeanın qərbində baş verdiyini açıqlayıb. Filippinin Şərqi Visayas regionunun səlahiyyətliləri on minlərlə insanı fəlakətdən əvvəl təxliyə edib. İnsanlar Cənubi Leyte, Leyte, Samar, Şərqi Samar, Şimali Samar və Biliran vilayətlərindəki 274 təxliyə mərkəzində yerləşdirilib.
Qasırğanın tüğyan etdiyi ərazidə axtarış-xilasetmə işlərinə kömək üçün hərbi qüvvələr göndərilib.