Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin sabiq vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Unikal" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda son olaraq təqsirləndirilən Səlim Əlizadə son söz deyib.
Daha sonra prosesdə hökm elan olunub.
Hökmə əsasən, Fərhad Mollazadə və Səlim Əlizadə hər biri 6 il həbs cəzasına məhkum ediliblər. Lakin onların barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumluq) maddəsi tətbiq edilib və 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib. Qeyd edək ki, Səlim Əlizadə Azərbaycanın “Avroviziya-2010” təmsilçisi, müğənni Safura Əlizadənin atasıdır.
Hökmdə qeyd olunub ki, dəymiş maddi ziyanın ödənilməmiş hissəsi - 167 min manat Səlim Əlizadədən alınaraq Xarici İşlər Nazirliyinə ödənilməlidir.