Beynəlxalq axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib.
Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən Azərbaycan Respublikasının vətəndaşı Nəcimətdinov Sədi Həsən oğlunun ekstradisiyası haqqında qərar qəbul edilmişdir.
Belə ki, Sədi Nəcimətdinovun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda maddi ziyan vurmaqla dələduzluq əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən Baş Prokurorluğun İstintaq idarəsində barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilmiş, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilmişdir.
Sədi Nəcimətdinov Rusiya Federasiyası ərazisində müəyyən edilərək 2021-ci ilin mart ayında barəsində həbs qətimkan tədbiri seçilmişdir.
22.12.2021-ci il tarixində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə S.Nəcimətdinov Rusiyadan Azərbaycana gətirilmişdir.