Sosial şəbəkələrdə avtoxuliqanlıq etmələri ilə bağlı videogörüntülər yerləşdirən şəxslər polis orqanları tərəfindən müəyyən edilərək saxlanılıblar .
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhərində avtoxuliqanlıq edərək digər yol hərəkəti iştirakçılarının həyatına real təhlükə yaradan, həmin videogörüntüləri sosial şəbəkələrdə yerləşdirən, polisin qanuni tələbini yerinə yetirməyən, sükan arxasında sərxoş vəziyyətdə avtomobil idarə edən 2 sürücü müəyyən edilərək saxlanılıb, barələrində müvafiq rayon məhkəmələri tərəfindən həbs inzibati tənbeh tədbiri tətbiq olunub.
Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Kamran Nəbiyev tibbi müayinədən keçirilərkən onun narkotik vasitə istifadə etməsi aşkar edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə protokol tərtib edilib.
Sabunçu rayon məhkəməsinin qərarı ilə K.Nəbiyev 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 1 ay 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhərində yaşayan Rəşad Abasov müəyyən edilərək saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3 (Avtoxuliqanlıq) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə protokol tərtib edilib.
Binəqədi rayon məhkəməsinin qərarı ilə R.Abasov 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 15 gün inzibati qaydada həbs edilib.