Dekabr 19-da Binəqədi Sukanal idarəsindən Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət olunaraq bildirilib ki, inzibati binada quraşdırılan dəyəri 4000 manat olan 2 ədəd kombi aparatı naməlum şəxslər tərəfindən oğurlanıb. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayət hadisəsini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elnur Məmmədov və Rövşən Həmidov saxlanılıblar.
DİN-dən "Unikal"a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, Elnur Məmmədov kombiləri oğurlayandan sonra Rövşən Həmidovu hadisə yerinə çağırıb. Daha sonra kombiləri onun avtomobili ilə Nəsimi rayonunda yerləşən məişət əşyalarının alqı-satqısı bazarına apararaq dəyər-dəyməzinə satıb. Oğurlanan kombilər polis əməkdaşları tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb.
Saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir. Elnur Məmmədovun Bakı şəhərində digər analoji cinayətlər törətməsi də istisna edilmir.