Şəmkirdə karantin qaydalarını pozan şadlıq evinin rəhbərləri barəsində cinayət işi açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Unikal"a verilən məlumata görə, Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisində fəaliyyət göstərən “Gold Qafqaz” şadlıq sarayının əvvəlcədən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Operativ Qərargahın qəbul etdiyi karantin qaydalarına zidd olaraq müəyyən edilmiş say həddindən artıq qonaq qəbul etməsi aşkar olunub.
Polis əməkdaşları müəyyən edib ki, dekabr ayının 26-da keçirilən toy mərasimində 150 nəfər qonaq olmalı olduğu halda 250 nəfər iştirak edib. Buna görə də obyekt sahibi Nofəl Heydərov saxlanılaraq RPŞ-nə gətirilib və onun barəsində Cinayət Məcəlləsinin (CM) 139-cu (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Bundan başqa, şöbə əməkdaşlarının dekabrın 28-də keçirdikləri müvafiq tədbirlər nəticəsində “Ceyhun” şadlıq evinin rəhbərliyi müvafiq portalda şadlıq evində kiçik toy və toy mərasimi barədə məlumat versə də, əslində hər iki yığıncağın eyni vətəndaşa məxsus toy mərasimi olması aşkar edilib. Şadlıq evi rəhbəri Rasim Salmanov saxlanılaraq RPŞ-nə gətirilib və onun barəsində CM-nin müvafiq maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə cari il ərzində ümumilikdə 50-yə yaxın şadlıq evi və iaşə obyektlərində, 135-ə yaxın evlərdə keçirilən toy mərasimlərində karantin rejiminin pozulmasını aşkar edib. Həmin şəxslərin barəsində qanunamüvafiq tədbir görülüb. Tədbirlər zamanı təkrar qayda pozuntusuna yol verdiyinə görə 14 nəfərdən 5-i həbs edilib.