Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının Şəmkir rayonu və Müşfiqabad qəsəbəsi ərazilərində yerləşən stasionar postlarda keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək saxlanılıb.
DİN-dən "Unikal"a verilən məlumata görə, Şəmkir rayonu ərazisində yerləşən stasionar postda Sumqayıt şəhər sakini Yaqub Qəniyevin idarə etdiyi “Mercedes”, Müşfiqabad qəsəbəsi ərazisində yerləşən stasionar postda Kamal Sadıqovun idarə etdiyi “Saturun” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıblar.
Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsilə onların barəsində protokollar tərtib olunub. Şəmkir rayon məhkəməsinin qərarı ilə Y.Qəniyev 400 manat məbləğində cərimələnib. Abşeron rayon məhkəməsinin qərarı ilə K.Sadıqov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.