Baş Prokurorluq Şəmkirdə arvadını və baldızını bıçaqlayan şəxsə verilən cəzadan narazıdır.
Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi media və sosial şəbəkə səhifələrində Şəmkir rayonu, Ələsgərli kənd sakini Şəhla Süleymanovaya və bacısı Şəlalə Tağıyevaya bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən sonuncunun əri Gürzalı Alyarova Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yüngül cəza verilməsi ilə bağlı informasiyalar yayılıb.
Qeyd edilib ki, 26.05.2021-ci il tarixdə birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı Gürzalı Alyarov bıçaqla arvadı Şəlalə Tağıyevaya ağır dərəcəli bədən xəsarəti yetirmiş, daha sonra həmin vaxt onları sakitləşdirməyə çalışan sonuncunun bacısı Şəhla Süleymanovaya da bıçaqla insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1 (qəsdən sağlamlığa ağır zərər vurma iki və daha çox şəxsə qarşı törədildikdə) və 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma -xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanaraq istintaq aparılıb, Gürzalı Alyarova qeyd edilən maddələr ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Həmin məhkəmənin 29.12.2021-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Gürzalı Alyarovun barəsində əsassız olaraq Cinayət Məcəlləsinin 62-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməklə ona maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza, yəni 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Təyin olunan cəza törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, habelə təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmadığından cinayət qanununun normasının düzgün tətbiq edilməməsi əsası ilə dövlət ittihamçısı tərəfindən həmin hökmdən apellyasiya protesti verilib.