Köçəri və oturaq quşların sayında olan dinamikanın izlənilməsi məqsədilə ölkə ərazisində sayğı prosesinə başlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev "Unikal"a bildirib ki, Azərbaycan Ornitoloji Cəmiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşlarının iştirakı ilə hazırda köçəri və oturaq quşların sayğısı Qızılağac, Şirvan, Abşeron, Ağgöl, Göygöl milli parklarında, Samux, Varvara, Ağzıbir, Yaşma, Sarısu ovçuluq təsərrüfatlarında və onlarla həmsərhəd olan ərazilərdə həyata keçirilir.
O qeyd edib ki, sayğının ilkin nəticələrinə görə, ölkənin ornitofaunasında müəyyən dəyişikliklər müşahidə olunur. Marşrut üsulu, teleskopla müşahidə və qayıq vasitəsilə aparılan sayğı prosesində Abşeron Milli Parkında və Sarısu gölündə əvvəlki illərlə müqayisədə köçəri və oturaq quşların sayında artım, Qızılağac Milli Parkında və Kür çayının deltasında isə bir qədər azalma müşahidə edilir. Bu isə qlobal iqlim dəyişikliyinin nəticəsi olaraq havaların isti keçməsi ilə əlaqədar cənuba miqrasiyanın azalması ilə bağlıdır.
“Avrasiyadakı köçəri quşların miqrasiya yollarından biri Azərbaycan ərazisindən keçir və quşların əsas miqrasiya marşrutları üzərində xüsusi mühafizə olunan təbiət əraziləri - milli parklar mövcuddur”.
Xidmət rəisi ölkəmizdə 400-dən çox ornitofauna növü olduğunu və Qızılağac, Ağgöl, Abşeron, Şirvan milli parklarının ərazisində bu növlərin qorunması ilə yanaşı, ekoturizmin bir istiqaməti olan "quşların müşahidəsi" (birdwatching) üçün də geniş imkanlar olduğunu diqqətə çatdırıb.F.Əliyevin sözlərinə görə, bu milli parklardan Qızılağac və Ağgöl daha geniş ornitoloji imkanlarına görə beynəlxalq əhəmiyyətli Su-bataqlıq əraziləri haqqında Ramsar Konvensiyasının siyahısına daxil edilib.