Bakı Dövlət Universitetinin (BDU) rektor müşavirini və komendantını bıçaqlayan İsmixan Mirzəyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
"Unikal" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilən şəxsin verilmiş ittihamla təqsirli bilinməsini və 8 il azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra İsmixan Mirzəyevin vəkili müdafiə çıxışı edib. Müdafiəçi bildirib ki, müvəkkilinin zərərçəkmiş şəxslərə qəsdən xəsarət yetirmək fikri olmayıb, xəbər vermədən maaşının 200 manat kəsilməsi, bir müddət sonra isə işdən azad olunması ona pis təsir edib. Vəkil, həmçinin İsmixan Mirzəyevin həmin vaxt ailsinin maddi cəhətdən vəziyyətinin çox aşağı olduğunu qeyd edib.
İsmixan Mirzəyev son sözündə məhkəmədən ona yüngül cəza təyin etməyi xahiş edib. Təqsirləndirlilən şəxs bildirib ki, onu bu əməli törətməyə vadar ediblər: "Əvvəl maaşımı azaldılar, sonra da işdən azad etdilər. Bütün bu gərginliklər gətirib bu yerə çıxardı".
Prosesdə hökm oxunub. Hökmə əsasən, İ.Mirzəyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il azadlıqdan məhrum olunub.
Qeyd edək ki, hadisə ötən il iyul ayının 27-də baş verib. Həmin vaxt Bakı Dövlət Universitetinin təsərrüfat şöbəsində fəhlə işləyən İsmixan Mirzəyev rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirib.
Hadisəni törətməkdə təqsirli bilinən İ.Mirzəyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 126.2.1 (qəsdən sağlamlığa ağır zərər vurma iki və daha çox şəxsə qarşı törədildikdə) və 126.2.2 (qəsdən sağlamlığa ağır zərər vurma - zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə) cinayət işi başlanıb.