"Qanun o vaxt yaranır ki, yeni ictimai münasibətlər yaranır. Bu ictimai münasibətləri tənzimləmək ortaya çıxır. Bu baxımdan sosial şəbəkələr son dövrlər həyatımıza daxil olmuş çox ciddi ictimai münasibətlər yaradıb. Ona görə də bunun qanunla tənzimlənməsinə ehtiyac var".
Bunu "Unikal"a açıqlamasında deputat Tahir Kərimli "Sosial şəbəkələr haqqında" qanun layihəsinin hazırlanması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərəkən deyib. O bildirib ki, sosial şəbəkələr məlumat baxımından faydalıdırsa, operativliyi artırırsa, insanlar öz fikirlərini ifadə edirsə, bunun neqativ tərəfləri də vardır.
"Təbii ki, sosial şəbəkələrin müsbət cəhətləri təqdirəlayiqdir. Neqativ tərəfləri isə ondan ibarətdir ki, burada çox asanlıqla insanları təhqir etmək, böhtan atmaq olur. Onlar da cəzasız qalırlar. Çünki kimsə mənbəyi bilinən və yaxud bilinməyən məlumat yayır, insanları, vəzifəli şəxsləri və digərlərini açıq şəkildə təhqir edir. Onda sual olunur, nə üçün vətəndaş kimisə təhqir edəndə məhkəmə məsuliyyətinə cəlb oluna bilir, ancaq sosial şəbəkələrdə daha geniş, çoxlarının eşitdiyi tərzdə pis formada təhqir olunduğu halda, məhkəməyə müraciət edə bilməsin və yaxud nə üçün həmin şəxs məsuliyyətə cəlb olunmasın? Məlumdur ki, sosial şəbəkələrin mərkəzi xarici dövlətlərdə, əsasən ABŞ-da yerləşir. Qlobal miqyasda buna təsir etmək çox çətin olur. Amma dövlətin imkanları var. Bir sıra dövlətlər özünün təhlükəsizlik sistemini təmin etmək üçün sosial şəbəkələrə müəyyən məhdudiyyətlər tətbiq edirlər. Dövlətin maraqlarına, ictimai-siyasi vəziyyətə mənfi təsir edən hallar olanda məhdudlaşdırıcı tədbirlər həyata keçirə bilirlər. O nöqteyi-nəzərdən sosial şəbəkədə təhqir olunan insanlar məhkəməyə müraciət edə bilər. Məhkəmə ona baxmağa səlahiyyətlidir. Azərbaycan qanunları buna imkan verir.
Bu yaxınlarda "Tik-tok"la bağlı bir neçə şəxs məsuliyyətə cəlb olunub. Çünki onlar qızışdırıcı məlumatlar yayırdılar. Hesab edirəm ki, aidiyyatı dövlət orqanları buna nəzarəti gücləndirsinlər. Həmçinin, qanunvericilikdə bu normalar tənzimlənməlidir. Tək Azərbaycanda deyil, digər dövlətlərin əksəriyyətində sosial şəbəkələrin media olub-olmaması sual altındadır. Yəni, bunu mətbuat saymaq olarmı-olmazmı? Sosial şəbəkələr kütləvilik baxımından çox ciddi bir platformadır. İstər çap, istərsə də onlayn media olsun, o parametrlərə uyğun gəlmir. Ona görə də qanunvericilikdə sosial medianın özünün statusu müəyyən olunmalıdır".
Sosial şəbəkələrdə təhqir olunduğu üçün hüquq-mühafizə orqanlarına müraciət etmək məsələsinə gəlincə, deputat bundan uzaq olduğunu qeyd edib:
"Uşaqlıqdan elə böyümüşük ki, tərbiyəmiz təhqir işlətməyə yol verməyib. Qulağımız eşitməyən sözləri, gözlərimiz sosial şəbəkədən oxuyur. Dəhşətə gəlirəm, bu insanı sarsıdır. Baxırsan ki, bunlar necə bu qədər biədəb söz danışırlar. Təhqir etmədən də kəskin sözlər demək olar ki, daha təsirli olsun. Digər tərəfdən şərh yazanlar 1-2 nəfər deyil. Bir də görürsən ki, 1000 nəfər şərh yazır. Bunların hansı birindən şikayət edəsən? Bəzən yalan və ədəbsiz məlumatlar olur, onları ictimailəşdirmək istəmirəm".
Anar Kəlbiyev