Avqustun 14-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey arasında görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin birgə fəaliyyəti sayəsində iki ölkə arasında əlaqələrin yüksək inkişaf səviyyəsinə çatdığı qeyd olunub. Prezident İlham Əliyevin cari ilin aprel ayında bu ölkəyə rəsmi dövlət səfəri çərçivəsində Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanmasının əlamətdar hadisə olduğu və gələcək əməkdaşlıq üçün geniş imkanlar yaratdığı xüsusi vurğulanıb.

İki ölkənin həm ikitərəfli qaydada, həm də beynəlxalq müstəvidə uğurlu əməkdaşlığının təsdiqi olaraq Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olan Azərbaycanın tranzit imkanlarının Orta Dəhlizin inkişafına töhfə verdiyi, eləcə də Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin genişləndirilməsinin rəsmi Pekin tərəfindən dəstəkləndiyi diqqətə çatdırılıb.

Görüş zamanı Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin sürətli inkişafından, fəal siyasi dialoq və təcrübə mübadiləsinə önəmli töhfə verən qarşılıqlı səfərlərin intensiv xarakter almasından məmnunluq ifadə olunub, ötən ilin noyabrında YAP nümayəndə heyətinin Çinə səfəri zamanı iki partiya arasında imzalanmış əməkdaşlıq memorandumundan irəli gələn vəzifələrin uğurla icra edildiyi bildirilib.

Görüşdə cari ildə nəzərdə tutulan tədbirlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.