“Bildiyiniz kimi, ötən il iclasımız videokonfrans vasitəsilə olmuşdu. Lakin pandemiya ilə bağlı bəzi narahatlıqlara baxmayaraq, çox şadam ki, siz iclasda şəxsən iştirak etmək qərarını verdiniz”.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında deyib.
“Eyni zamanda, təəssüf hissi ilə demək istəyirəm ki, iclasın bəzi iştirakçılarında koronavirusa yoluxma aşkar olunub və buna görə də onlar bu gün fiziki olaraq burada iştirak edə bilmirlər. Mən onlara möhkəm can sağlığı, tezliklə sağalmalarını arzulayıram və əminəm ki, Azərbaycan həkimləri onların mümkün olduğu qədər tez normal həyata qayıtması üçün hər şeyi edəcəklər. Qeyd etdiyim kimi, ötən il iclas videokonfrans formatında keçirildi. Bu gün biz qarşılıqlı əlaqəmizin ənənəvi formatını bərpa edirik. Əlbəttə ki, belə format təkcə önümüzdə olan əhəmiyyətli məsələləri həll etmək üçün yox, eyni zamanda, ikitərəfli və çoxtərəfli təmaslar qurmaq üçün daha yaxşı imkanlar yaradır. Hər ilin fevral ayında biz ənənəvi olaraq əvvəlki ildə görülmüş işləri nəzərdən keçiririk və gələcək addımlarımızı planlaşdırırıq. Qeyd etmək istəyirəm ki, Məşvərət Şurasının hər bir iclasında müəyyən nailiyyətlər əldə olunub. Hər il biz müəyyən yeni nailiyyətlər haqqında məlumat verirdik. Biz çox şadıq və özümüzü təbrik edə bilərik ki, bu dəfə biz Cənub Qaz Dəhlizinin uğurla tamamlanması haqqında məlumat verə bilərik. 2020-ci ilin sonuncu günü dekabrın 31-də, yeri gəlmişkən, bu, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür, azərbaycanlılar üçün mühüm olan bu gündə biz Cənub Qaz Dəhlizinin sonuncu mərhələsi olan TAP layihəsinin tamamlanması haqqında məlumat verdik. Əlbəttə ki, mən layihədə iştirak edən bütün tərəflərə minnətdarlığımı bildirmək istəyirəm”, - dövlət başçısı vurğulayıb.