Son günlər ölkəmizdə virusa yoluxanların sayında ciddi artım müşahidə olunur. Buna paralel olaraq orta və ali məktəblərdə ənənəvi təhsilin dayandırılması ilə bağlı çağırışların artdığının şahidi oluruq. Vəziyyət həqiqətən mürəkkəbdir.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.
Deputat hesab edir ki, hazırkı dövrdə ənənəvi təhsildən məsafədən təhsilə keçid təhsilimiz üçün müəyyən çətinliklər yaradacaq:
"Çoxlarının düşündüyü kimi, ənənəvi təhsildən məsafədən təhsilə keçid asan məsələ deyil. Dərslərin sentyabrın ortasından deyil, sonundan başlaması proqramın tam mənimsənilməsi üçün bir sıra çətinliklər yaratdı. Birinci semestrdə dərsi olan müəllimlər bu problemi açıq yaşadılar. Əlavə olaraq nəzərə alsaq ki, bu gün internet və avadanlıqlarla bağlı problemlər bir sıra bölgələrdə hələ də qalmaqdadır, məsələnin nə qədər ciddi olduğunu anlamış olarıq. Digər bir mühüm məsələ distant təhsilin ənənəvi təhsili əvəz edə bilməməsidir. Ötənilki məsafədən təhsil dərslərin keyfiyyətinə çox ciddi təsir etdi. Həm orta, həm də ali təhsil müəssisələrimiz bu gün həmin dövrün acı nəticələrini yaşamaqdadır. Ona görə hesab edirəm ki, tələsik qərarlar qəbul etməyə ehtiyac yoxdur. Virusdan kütləvi yoluxmalara gəlincə təhlillər göstərir ki, burada gigiyenik qaydalara, maskadan istifadəyə tam əməl ediməməsi bir sıra hallarda virusun daha sürətlə yayılmasına təsir edən amillərdəndir. Ona görə hər kəs çalışmalıdır ki, müəyyənləşdirilmiş qaydalara əməl etsin, gücləndirilmiş 3-cü əlavə dozanı qəbul etsin".
Deputat bildirib ki, növbəti illərdə bizi hansı "sürpriz"lərin gözlədiyini bilmədiyimiz üçün distant təhsilin hüquqi bazasının gücləndirilməsi, bu təhsil sisteminin inkişaf etdirilməsi istiqamətində səylərimizi gücləndirməliyik:
"Artıq bir sıra ölkələr məsafədən təhsilin araşdırılması və tətbiqinin təkmilləşdirilməsi üçün sırf distant təhsil verən təhsil müəssisələrinin yaradılması ideyaları üzərində sıx işləyirlər. Hesab edirəm ki, bu barədə ciddi düşünməyə ehtiyac var. Yuxarıda qeyd etdiyim kimi, irəlidə hansı yeni pandemiya növləri ilə üz-üzə qalacağımız hələ bilinmir. Prosesləri qabaqlamaq üçün indidən bu istiqamətdə düşünməyə, işlərin sürətləndirilməsinə ciddi ehtiyac var".
Anar Kəlbiyev