Azərbaycan Dillər Universitetində (ADU) iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr olunmuş “Azərbaycan və Çin: əməkdaşlığın tarixi və perspektivləri” mövzusunda elmi seminar keçirilib.
"Unikal" xəbər verir ki, Seminar Konfutsi İnstitutu və ADU-nun Beynəlxalq Əlaqələr kafedrasının birgə təşkilatçılığı ilə baş tutub.
Seminarı giriş sözü ilə açan Beynəlxalq əlaqələr kafedrasının müdiri, professor Aida Yusifzadə Azərbaycan-Çin münasibətlərinin tarixindən, müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan və Çinin rolundan, iki dövlət arasında qarşılıqlı əlaqələrin qlobal və regional aspektlərindən danışıb.
Rafiq Abbasov iki ölkə arasında İpək Yolu üzrə əməkdaşlığın strateji xarakterindən danışaraq, 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə tarixi səfərini yada salaraq qeyd edib ki, həmin səfər zamanı iki dövlətin liderləri tərəfindən “Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə” imzalanıb. Məhz bu Bəyannamə iki ölkə arasında çoxtərəfli əməkdaşlıq istiqamətində möhkəm zəmin yaradıb.
Beynəlxalq əlaqələr kafedrasının müəllimləri Aytən Ramazanova və Səbinə Məmmədova “Azərbaycan və Çin arasında 30 illik diplomatik münasibətlərin nəticələri” və “Azərbaycan-Çin iqtisadi əlaqələri” mövzularında çıxış edərək Azərbaycan-Çin iqtisadi əlaqələrinin dinamik inkişafından, Avrasiya iqtisadi-nəqliyyat dəhlizlərinin yaradılması, həmçinin İpək Yolu ölkələri arasında humanitar mübadilə, mədəniyyətlərarası dialoq və siyasi ünsiyyətin təmin olunması istiqamətində nəzərdə tutulmuş Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində Azərbaycan və Pakistanın fəal iştirakını danışıblar.
Seminarda çıxış edən kafedranın professoru Qaley Allahverdiyev Şərqşünaslıq Mərkəzinin çoxtərəfli Azərbaycan-Çin əlaqələrinin tədqiqi, altıcildlik “Heydər Əliyev və Şərq” monoqrafiyasının nəşri istiqamətində fəaliyyətindən danışıb.