Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində təşkil olunan təlim başa çatıb.
"Unikal" xəbər verir ki, Bakı Biznes Universitetinin təşklilatçılığı və Azərbaycan HR İnstitutunun dəstəyi ilə keçirilən “Strateji planlaşdırma və idarəetmə” adlı təlimə ölkənin 16 ali təhsil müəssisəsinin prorektorları və rəhbər şəxsləri qatılıb. BBU-də təşkil olunan tədbirdə idarəetmə üzrə beynəlxalq təhsil və təcrübəyə malik, peşəkar təlimçi Nazim Əliyev strateji planlaşdırmanın əhəmiyyəti, üsulları və metodları, maraqlı tərəflərin prosesə cəlb edilməsi, missiya, vizyon və dəyərlərin müəyyənləşdirilməsi, ali təhsil müəssisəsinin güclü- zəif tərəfləri, mövcud imkan və təhlükələrin təhlili,eyni zamanda büdcənin hazırlanması kimi məsələlərə münasibət bildirib. Təlimin növbəti günündə isə performansın idarə edilməsinin müasir üsulları və formaları, yüksək performanslı komanda işinə nailolma, həmçinin çevik (agile) idarəetmənin əsas prinsipləri, risklərin təhlilindən danışılıb.
2 gün davam edən ”Strateji planlaşdırma və idarəetmə” adlı təlim komandalararası düzənlənən təqdimatla başa çatıb.
Sözügedən təlimdə Azərbaycan Turizm və Menecment Universitetini rektor müşaviri Elvin Yusifli təmsil edib.