Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstan xarici işlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.
Bu barədə "Unikal"a Xarici İşlər Nazirliyindən məlumat verilib.
C.Bayramov dünən Gürcüstan ərazisində baş vermiş zəlzələ ilə bağlı gürcü həmkarından ölkədə mövcud olan vəziyyəti sorğu edib. Azərbaycanın ehtiyac duyulduğu təqdirdə hər zaman dost Gürcüstana yardım etməyə hazır olduğunu ifadə edib.
D.Zalkaliani zəlzələnin ciddi fəsadlar doğurmadığını söyləyib və nümayiş etdirilən həmrəyliyə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib.
Nazirlər inkişaf etməkdə olan ikitərəfli münasibətlərin aktual mövzularını, habelə regional məsələləri müzakirə ediblər.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşıdan gələn aylarda keçiriləcək tədbirlər üzrə fikir mübadiləsi aparıblar.