Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 13-də Ağdam rayonuna səfəri zamanı bir sıra obyektlərin təməlinin qoyulması, bəzilərinin açılışlarının edilməsi Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsinin əyani təzahürüdür. Rayonda aparılan bərpa və quruculuq işləri Ağdamın tezliklə nəinki Azərbaycanın, həmçinin regionun ən gözəl və müasir şəhərlərindən birinə çevriləcəyini deməyə əsas verir. Əminik ki, qısa müddət ərzində görülmüş mühüm işlər yaxın gələcəkdə konkret nəticələrə gətirib çıxaracaq.
Bu fikirləri "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.
Deputat bildirib ki, Ağdamdakı sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşının qoyulması, artıq 5 rezident işə başlaması işğaldan azad edilmiş rayonlarda, ilk növbədə, iş yerlərinin yaradılmasına göstərilən diqqətdən xəbər verir. Bu onu göstərir ki, işğaldan azad edilmiş rayonlara qayıdacaq sakinlərin iş yerləri ilə təmin olunması, onların sosial rifah halının yaxşılaşdırılması dövlətimizin qarşısında duran başlıca vəzifədir.
Dövlətimizin başçısı Ağdam Cümə məscidinin qarşısında çıxışı zamanı azərbaycanlın iş adamlarını Ağdama və azad edilmiş digər ərazilərə sərmayə qoymağa, orada müasir layihələri reallaşdırmağa çağırdı. Bildirdi ki, bu gün Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir, onlara mənəvi-siyasi dəstək, eyni zamanda, güzəştli kreditlər verilir. Bu, ölkəmizdə biznesin inkişafına göstərilən dəstəyin daha bir nümunəsidir, həmçinin sərmayədarları işğaldan azad edilmiş ərazilərə investisiya yatırmağa həvəsləndirəcək. Beləliklə, həyata keçiriləcək layihələr nəticəsində həmin torpaqlarda əhalinin iş yerləri ilə təminatında heç bir problem yaranmayacaq.
A.Vəliyev diqqətə çatdırıb ki, işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri sürətlə icra olunur. Orada istismara verilən yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Həmçinin qeyd olunub ki, Ağdamda müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Bu isə şəhərə gələnlərin sayının artmasına, rayonun turizm potensialının artmasına şərait yaradacaq.
Deputat deyib ki, Ağdamda yaşayış kompleksinin təməl daşının qoyulması da əlamətdar hadisədir. Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. Eyni zamanda, 1 nömrəli məktəb inşa olunur. Bu təhsil ocağında təqribən minə yaxın şagird oxuyacaq. Ağdama qaz xətlərinin çəkilişi layihəsi işlənilir. İçməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi İnvestisiya Proqramında öz əksini tapıb. Bütün bunlar Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərə həyatın qaytarılmasına, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına köçürülməsinə və onlar üçün layiqli həyat şəraitinin yaradılmasına nə qədər böyük önəm verdiyini nümayiş etdirir.
“Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlayıb. Bu yol həm Füzuli və Ağdam şəhərlərini, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək. Beləliklə, başqa ölkələrdən Ağdama gəlmək daha asan olacaq”, - deyən deputat vurğulayıb ki, bütün bu işlər Azərbaycanın daxili vəsaiti hesabına reallaşdırılır. İcra olunan layihələr onu göstərir ki, Azərbaycan öz şəhərlərini yenidən qurmaq üçün bütün maliyyə və texniki imkanlara, habelə kadr potensialına malikdir. Müxtəlif xarici şirkətlərin bu işlərdə fəal iştirakı isə ölkəmizə olan marağın, inamın təzahürüdür.
“Dövlətimizin başçısının Ağdama səfəri zamanı Cümə məscidində Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa-restavrasiya işləri ilə tanış olması Azərbaycanda dini-mədəni və tarixi irsə göstərilən qayğının daha bir nümunəsidir. Azad olunmuş torpaqlarda bütün tarixi və dini abidələr bərpa olunacaq. Hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Tarixi və dini abidələrin bərpası işləri Heydər Əliyev Fondunun imkanları hesabına görülür. İşğaldan azad olunmuş ərazilərdə görülən işlər Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir”, - deyə A.Vəliyev qeyd edib.