Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov ilə Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskix arasında görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə Azərbaycan və Rusiya arasında bütün sahələrdəki səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs olunub, əlaqələrin inkişafında hər iki ölkənin dövlət başçılarının xüsusi rolu qeyd edilib. Bildirilib ki, faydalı əməkdaşlıq gömrük orqanlarının fəaliyyətində, istər beynəlxalq, istər regional səviyyəli görüşlərdə və tədbirlərdə də öz əksini tapıb.
Xüsusilə qarşılıqı ticarət dövriyyəsinin artırılması, hər iki ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılmasında gömrük xidmətlərinin mühüm rol oynadığı diqqətə çatdırılıb.
Görüşdə Rusiya ilə sərhəddə yerləşən “Samur”, “Xanoba” və müqabil tərəfdəki gömrük postlarında mövcud vəziyyət, gömrük-keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılması, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, prosedurların sadələşdirilməsi məsələləri müzakirə olunub. Azərbaycan-Rusiya sərhədində inşa olunan "Xanoba" gömrük postunda aparılan tikinti-quraşdırma işləri barədə də məlumat verilən görüşdə vurğulanıb ki, cari ildə tikintisi yekunlaşdırılacaq bu gömrük-sərhəd keçid məntəqəsinin fəaliyyətə başlaması ilə iki ölkə arasında sərhədkeçmə prosesləri daha da sürətlənəcək, tranzit daşımaların həcmi artacaq, beynəlxalq ticarətin daha asan və maneəsiz şəkildə həyata keçirilməsi üçün münbit şərait yaranacaq.
Görüş çərçivəsində Georgiy Pesçanskix gömrük işinin inkişafına və gömrük xidmətlərinin birliyinin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavinin əmrinə əsasən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin “Gömrük birliyinin gücləndirilməsinə görə” medalı ilə təltif edildiyini bildirib. Eyni zamanda, Komitə sədrinin birinci müavini İsmayıl Hüseynov və Komitə sədrinin müavinləri Əsgər Abdullayev, İqbal Babayev, Cavad Qasımov, eləcə də Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyevin Rusiya Federal Gömrük Xidmətinin fəxri fərmanları və təşəkkürnamələrlə təltif olunduğu diqqətə çatdırılıb.
Görüşün sonunda Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskixə gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" Azərbaycan Respublikasının yubiley medalını təqdim edib.