ABŞ-ın keçmiş prezidenti Donald Tramp iştirak etdiyi proqramda Rusiya prezidenti Vladimir Putinin son addımlarını dəyərləndirib.

"Unikal"  xəbər  verir  ki, "Clay Travis" və "Buck Sexton Show" podkastında iştirak edən Tramp Putini "dahi" və "ağıllı" kimi şərh edib. Putinin Ukraynanın şərqindəki iki hökuməti rəsmən tanımasına gəlincə, o, “Bu, gözəldir” şərhini verib.

“Mən dünən televiziyada Putinin Ukraynanın bəzi hissələrini tanıdığını gördüm və bunun dahi olduğunu düşündüm. Bu, böyük bir şeydir. Nə ağıllı hərəkətdir, deyə düşündüm. Və onun üzərinə sülhməramlılar göndərir”, - deyə o bildirib.

Tramp son olaraq, “Putinin mənim prezidentliyim zamanı deyil, Baydenin dövründə Ukraynanı işğal etməyi seçməsinin səbəbi onunla yaxşı münasibətim olmasıdır. Mən Putini çox yaxşı tanıyıram. Onunla çox yaxşı anlaşıram. O məni sevir, mən də onu sevirəm. O, çox çətin xarakterə malikdir, lakin böyük cazibəsi var və çox qürurludur. O, vətənini sevir”, - deyə  Putini ifadə  edib.