Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı qəbul etdiyi sanksiya paketi qüvvəyə minib.
"Unikal" xəbər verir ki, sanksiyalar Ukraynadakı hərbi gərginlik, qondarma Donetsk və Luqansk “respublika”larının Rusiya tərəfindən tanınması fonunda tətbiq olunub.
Siyahıya Rusiyanın müdafiə naziri Sergey Şoyqu, prezident administrasiyasının rəhbəri Anton Vayno, Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Rusiyanın təbliğatçıları - RT-nin Baş redaktoru Marqarita Simonyan, teleaparıcı Vladimir Solovyov və Rusiya Silahlı Qüvvələrinin yüksək rütbəli hərbçilərinin adı daxil edilib.
Avropa İttifaqı, həmçinin Dövlət Dumasının 351 deputatını, Rusiyanın dünyada məşhur olan “Vaqner” özəl hərbi şirkətinin (ÇVK) yaradıcısı və sahibi, milyarder iş adamı Yevgeni Priqojinin anası və həyat yoldaşını, Kommunist Partiyasının (RFKP) lideri Gennadi Züqanovu da “qara siyahı”ya salıb.
Sanksiyalar sənədin dərc edildiyi andan qüvvəyə minib.
Aİ-nin sanksiyalar siyahısına daxil edilməsi Avropa İttifaqı ərazisinə girişin qadağan edilməsi, fiziki şəxslərin və təşkilatların birliyin ərazisindəki aktivlərinin dondurulması deməkdir. Avropa vətəndaşlarının və təşkilatlarının siyahıda olan şəxslərə pul köçürməsi qadağandır.
Avropa İttifaqı Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirən Rusiya və Ukrayna vətəndaşlarına qarşı fərdi sanksiyaları ilk dəfə 2014-cü ilin martında tətbiq edib və o vaxtdan bəri mütəmadi olaraq altı ay müddətinə uzadıb.
Sonuncu siyahıya 555 fiziki şəxs və 52 təşkilatın adı daxil edilib.