“Həm Rusiyanın müdafiə naziri Sergey Şoyqu, həm də ukraynalı həmkarım Oleksiy Reznikovla təmaslarımız davam edir. Bu təmaslar gələcəkdə də olacaq”.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
“Təmaslarımız zamanı diplomatiya yolunun tutulması, böhrana son qoyulması barədə fikir mübadiləsi aparırıq. Müsbət irəliləyişin olmasını arzu edirik”, - o bildirib.
Nazir, həmçinin Ukraynadakı Türkiyə vətəndaşlarının təxliyəsindən danışıb: “Bəzi vətəndaşlarımız təxliyə olunub. Təxliyələri davam edən və hələ təxliyə ola bilməyən vətəndaşlarımızın təhlükəsizliyi barədə rusiyalı və ukraynalı həmkarıma tələblərimizi bildirmişik. Qarşıdakı günlərdə bu sahədə bəzi irəliləyişlərin olacağını gözləyirik.
Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və xarici işlər nazirimiz Mövlud Çavuşoğlu da həmkarları ilə təmaslarında bu məsələlər barədə fikir mübadiləsi aparırlar. Ən yaxın vaxtda vəziyyətin normallaşmasını, atəşkəs elan edilməsini arzulayırıq. Eyni zamanda, vətəndaşlarımızın təxliyəsi üçün əlimizdən gələni edirik. Ukraynada humanitar böhranı azaltmaqdan ötrü bütün səylərimizi ortaya qoyuruq. Digər ölkələr kimi, biz də Ukraynaya humanitar yardımlarımızın çatdırılmasına çalışırıq”.