“Ermənistanda keçirilən prezident seçkilərində ciddi nöqsanlar olub”. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland ənənəvi mətbuat konfransında APA-nın Vaşinqton müxbirinin Ermənistanda keçirilmiş prezident seçkiləri ilə bağlı sualına cavab olaraq bildirib.
Dövlət Departamentinin sözçüsü deyib: “Ermənistanda keçirilən prezident seçkilərində ciddi nöqsanlar olmasına baxmayaraq, ABŞ Dövlət Departamenti ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkilərin yaxşı təşkil olunması ilə bağlı rəyi ilə razıdır”.
V. Nuland həmçinin Xocalı faciəsi ilə bağlı sualı da cavablandırıb. O deyib ki, Emənistan və Azərbaycan arasında baş verən müharibədə insanların həyatını itirməsi faktı bizə bir daha Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll ola bilməyəcəyini xatırladır: “Yalnız uzunmüddətli sülh sazişi regiona davamlı sülh, inkişaf və sabitlik gətirəcək. Biz Minsk Qrupunun həmsədri kimi tərəflərlə bu istiqamətdə işi davam etdiririk”.
