Əqli Mülkiyyət Agentliyinin tabeliyindəki “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin fəaliyyəti təmin ediləcək.
"Unikal" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.
İmzalanmış sənəddə “Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyindəki “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin Strukturu da təsdiq edilib.
Əqli Mülkiyyət Agentliyi bir ay müddətində tabeliyindəki “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin fəaliyyətini təmin etmək məqsədilə sədr və onun müavini daxil olmaqla, Mərkəzin Müşahidə Şurasının üzvlərini və Mərkəzin direktorunu təyin etməli, Mərkəzin əməyin ödənişi fondunu, işçilərin say həddini və ştat cədvəlini, habelə işçilərin əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) təsdiq etməlidir.
Mərkəzin dövlət qeydiyyatına alınması üçün bu Qərarın qüvvəyə mindiyi tarixdən 3 gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunu ilə müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyinə müraciət etməli və Mərkəz dövlət qeydiyyatına alındığı tarixdən bir gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Mərkəzin Nizamnamə fondu 100.000 manat təşkil edir və Agentlik tərəfindən ayrılan vəsait (dövlət büdcəsinin vəsaiti istisna olmaqla) hesabına təmin olunur, Mərkəzin saxlanması xərcləri və fəaliyyəti Agentlik tərəfindən ayrılan vəsait (dövlət büdcəsinin vəsaiti istisna olmaqla), eləcə də Mərkəzin fəaliyyətindən əldə edilmiş vəsait hesabına maliyyələşdirilir.