Martın 22-də Əbu-Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nahyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
"Unikal" xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub, xüsusilə iqtisadi, ticari, enerji və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Söhbət əsnasında tərəflər Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin sərmayəsi ilə Azərbaycanda bu yaxınlarda əsası qoyulmuş 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı bir-birini təbrik ediblər.
Məhəmməd bin Zayed Əl Nahyan BƏƏ-nin bərpaolunun enerji sahəsində Azərbaycan ilə strateji əməkdaşlığı inkişaf etdirmək və təqdim olunan layihələri dəstəkləməkdə maraqlı olduğunu ifadə edib.
Dövlətimizin başçısı bərpaolunan enerji sahəsində ölkəmizin böyük potensialının olduğunu qeyd edərək “Masdar” şirkətinin sərmayəsi ilə tikilməkdə olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının əhəmiyyətini vurğulayıb.
Söhbət zamanı, həmçinin Ukraynada baş verən hadisələr fonunda dünya enerji bazarında sabitliyin təmin olunması, beynəlxalq və regional gündəliyə aid olan və qarşılıqlı maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.