Türkiyə, Şimali Kipr Türk Respublikası və Azərbaycan istisna olmaqla, digər ölkələrə ət ixracını dayandırmaq barədə qərar verib.
"Unikal" bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.
Türkiyə Ticarət Nazirliyindən verilən məlumata görə, belə qərarın verilməsinə səbəb ölkədə ətin qiymətinin qəfil artması olub. Qərarla adı çəkilən ölkələrdən başqa dövlətlərə mal-qara, qoyun və keçi ətinin ixracı ikinci bir qərara qədər dayandırılıb.
Xatırladaq ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana xaricdən 7 min 185,04 ton ət idxal edilib. Bu həcmdə ətin dəyəri 12 milyon 131,58 min ABŞ dolları təşkil edib.
Bu, 2021-ci ilin iki aylıq dövrü ilə müqayisədə müvafiq olaraq 1 min 140,33 ton (18,9 %) yaxud da 1 milyon 939,6 min ABŞ dolları (19,03 %) çoxdur.
Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0, 62 %-ini təşkil edib.
Qeyd edək ki, bu ilin ilk 2 ayında Azərbaycanda diri çəkidə 87,9 min ton ət istehsal edilib ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % çoxdur.