Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı, Ermənistanın 30 illik işğalçılığına son qoydu.
Bunu "Unikal"a açıqlamasında deputat Cavid Osmanov deyib. Deputat bildirib ki, Azərbaycan bu qələbə ilə ərazi bütövlüyünü təmin etdi, Ermənistan isə diz çökərək kapitulyasiya aktına imza atdı:
"Bununla, üçtərəfli razılaşma əldə olundu. Rusiya, Azərbaycan prezidentləri və Ermənistan Baş nazirinin imzası ilə təsdiqlənmiş bəyanat imzalandı. Bəyanata uyğun olaraq Azərbaycan ərazilərində erməni hərbi qruplaşmalarının, terrorçularının çıxarılması təmin edilməli idi. Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq öz ərazisində mövqelərimizi möhkəmləndirir.
Fərrux kəndinin azad edilməsi tarixi nailiyyətdir və Prezident İlham Əliyevin “Nəyi, nə vaxt, necə edəcəyi” sözləri bir daha təsdiqini tapmış oldu. Azərbaycan indiki məqamda diplomatik, siyasi yolla bu məsələləri həll edir. Fərrux yüksəkliyinin azad edilməsi atəş açılmadan həyata keçirilib və Azərbaycan Ordusu Fərrux kəndinə, həmçinin eyni adlı yüksəkliyə nəzarəti əldə edib. Fərrux yüksəkliyinin azad edilməsi strateji baxımdan çox əhəmiyyətlidir. Bu, Azərbaycanın növbəti şanlı qələbəsidir".
Anar Kəlbiyev